Koronavirusla ümumxalq mübarizəsi Azərbaycan müəllimləri arasında yeni fəaliyyət üsuluna təkan verdi - "Könüllü onlayn dərs verən müəllimlər hərəkatı"...

Koronavirusla ümumxalq mübarizəsi Azərbaycan müəllimləri arasında yeni fəaliyyət üsuluna təkan verdi - "Könüllü onlayn dərs verən müəllimlər hərəkatı"...

Məlahət Mürşüdlü: “Azərbaycanın müəllim ordusunun könüllülük fəaliyyəti milli birliyimizə, həmrəyliyimizə xidmət edir”

Məlum olduğu kimi, dövlət tərəfindən koronavirus (COVID - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilib, ciddi karantin rejimi tətbiq edilib.

Bildiyimiz kimi, yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb.

Bir aydır ki, orta məktəblər və digər təhsil müəssisələri müvəqqəti olaraq bağlanıb. Şagirdlərin dərs proqramından geri qalmaması üçün Təhsil Nazirliyi tərəfindən genişmiqyaslı işlər görülüb. “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” onlayn dərsi ilə yanaşı, nazirlik internet resurslarında da bu cür vasitələr yerləşdirib. Bu gün “YouTube” kanalında, eləcə də nazirliyin öz platformalarında şagirdlər üçün onlayn dərslər təşkil edilir və burada bütün siniflər əhatə edilir. Qeyd etdiyimiz bu məsələ dövlət tərəfindən reallaşdırılıb. Bu öz yerində. Amma xalqımızın bu sınaq günündə meydana çıxan könüllü onlayn dərslər keçən müəllimlərin əməyini də vurğulamalıyıq. Bu gün internet resurslarından istifadə edərək xeyli sayda müəllim “WhatsApp”, “Facebook” və digər platformalar üzərindən şagirdlərə ödənişsiz onlayn dərslər keçirlər. Koronavirusla mübarizə dövründə könüllü olaraq övladlarımıza dərs keçən müəllimlərin sayəsində böyük könüllülər ordusu formalaşıb. Maraqlı məsələlərdən biri odur ki, bu müəllimlər onların açdıqları qruplara qatılan hər bir şagirdə böyük həvəslə tapşırıqlar verir, mövzuları onlara izah edirlər.

“Tədris proqramını təmənnasız olaraq şagirdlərə çatdırmaq istəyilə böyük bir könüllü müəllim ordusu meydana çıxdı”

Tanınmış təhsil eksperti Məlahət Mürşüdlü bizimlə söhbətində bildirdi ki, bu gün şagirdlərə təmənnasız onlayn dərslər keçən könüllü müəllim ordusunun gördüyü bu iş böyük fədakarlıqdır. “Həmişə demişəm ki, bizim təhsil sistemində öz vəzifəsini məsuliyyətlə, şərəflə yerinə yetirən böyük bir müəllim ordusu var. Çox təəssüf ki, dinc şəraitdə bu ordunu müəyyənləşdirmək mümkünsüzdür. Amma görürsünüz ki, koronavirusun ölkəmiz, təhsil sistemimiz, şagirdlərimiz üçün yaratdığı ciddi problemlər nəticəsində biz o müəllim ordusunu müşahidə edə bildik. Vəziyyətlə əlaqədar olaraq şagirdlər evdədir və onların tədris proqramından geridə qalmaması üçün mütləq onlara bu proqram çatdırılmalıdır. Görürsünüz ki, tədris proqramını təmənnasız olaraq şagirdlərə çatdırmaq istəyilə böyük bir könüllü müəllim ordusu meydana çıxdı və onlar şagirdlərə onlayn dərslər keçməyə başladılar. O müəllimlərin əksəriyyətini tanıyıram. Onlar müəllim adını neqativ məqamlara bulaşdırmayan, müəllim adını şərəflə, vicdanla daşıyan şəxslərdir. Əlbəttə, könüllü onlayn dərslər keçən müəllim ordusunun fəaliyyətini yüksək qiymətləndirirəm. Düşünürəm ki, müəllimlərin bu addımı müsbət tendensiyadır və bəzi məmurlara, öz məsuliyyətini dərk etməyənlərə, eləcə də müəllim adını ləyaqətlə daşıya bilməyənlərə böyük örnəkdir. Mən də keçmiş müəllim olaraq bu çətin və məsuliyyətli vaxtda onlayn dərslər keçən könüllü müəllim ordusunu alqışlayıram. Çox arzu edirəm ki, koronavirusla mübarizə aparan həkimlər xalqımız tərəfindən necə alqışlanmışdısa, müəllimlər də o cür alqışlansın. Hesab edirəm ki, müəllimlərin cəmiyyətin, dövlətin ağır günündə də, xoş günündə də özlərini belə məsuliyyətlə aparıb valideynlərə, şagirdlərə nümunə olması təqdirəlayiqdir. Çünki gənc nəslin tərbiyəsi müəllimlərdən asılıdır. Mən üzümü bu ağır günlərdə öz vəzifəsini məsuliyyətlə yerinə yetirməyən müəllimlərə tuturam, baxın, nümunə götürün”.

M.Mürşüdlü qeyd etdi ki, könüllü müəllim ordusunun meydana çıxması və şagirdlərə təmənnasız dərs keçməsi xalqımızın, dövlətimizin birliyi naminə atılan addımdır, bu həmrəylik tendensiyası təqdirəlayiqdir: “Müəllim cəmiyyət üçün həmişə bir örnək olmalıdır və bu gün Azərbaycanın müəllim ordusunun könüllülük fəaliyyəti milli birliyimizə, həmrəyliyimizə xidmət edir. Azərbaycan müəllimi 100 il əvvəl də, indi də öz əbədi missiyasına sadiq qalır. Müəllimlərimiz daim könüllülük hərəkatında iştirak edib və bu gün də edirlər”.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com