"Hər yaşlı adam SMS göndərə bilmir və ya telefonu yoxdur" - Mirvari Qəhrəmanlı narazıdır

"Hər yaşlı adam SMS göndərə bilmir və ya telefonu yoxdur" - Mirvari Qəhrəmanlı narazıdır

“Əhalinin mövcud durumunu araşdırmadan SMS-lə əlaqədar verilən qərar düzgün deyil. Avropada vətəndaşlar karantin rejiminə məsuliyyətli yanaşırlar, ona görə də rejim yavaş-yavaş ləğv olunur. Ölkəmizdə isə vətəndaş məsuliyyətsizliyi var”.

Bu fikirləri “Sherg.az”a açıqlamasında hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyib.

O bildirib ki, karantin rejimi ərəfəsində yaşlı və tənha vətəndaşlara xüsusi diqqət göstərilməlidir:

“Artıq ayın 21-dən etibarən çölə çıxmıram. Görməmişəm ki, yaşlı və tənha insanlara kömək göstərsinlər. Əhalinin bütün təbəqəsində mobil telefon yoxdur. Çoxlu sayda vətəndaşlarımız var ki, onların durumu olduqca ağırdır. Çünki tənha yaşayırlar. İmkanlı şəxslərə virus təsir etmir, onlar tez bir zamanda rahatlıqla sağala bilərlər. Əsas diqqəti yalnız və imkansız insanlara yönəltmək lazımdır. Hansısa qaydaları qəbul edəndə əvvəlcə ölkədəki əhalinin vəziyyətini təhlil etmək lazımdır. Statistik göstəricilərdə işsizlərin faizini az göstərirlər. Düşünürəm ki, qəbul olunan 2 həfətlik karantin rejimi ilə əlaqədar çoxlu problemlər yaranacaq. Çünki SMS-lərlə bağlı təcili tədbir görməlidirlər. Kimsə mağazaya getmək və ya zibil atmaq üçün SMS göndərməlidir. Nəticədə həmin şəxsi ərzaqla təmin edirlər. Amma hansısa yaşlı adam SMS göndərə bilmir və ya telefonu yoxdur. Ona görə də ölkədə daha ciddi tədbirlər görülməlidir. Sosial məsələlərlə məşğul olan müxtəlif QHT-lər var. Onlarla əlaqə saxlamaq lazımdır ki, bacardıqları qədər fəaliyyət göstərsinlər”.

Mənbə: sherg.az