"Virus-mirus yoxdur" deyənlər oxusun

"Virus-mirus yoxdur" deyənlər oxusun

Bir qonşum var. Mağaza işlədir amma elə bir NASA-nın gizli missiyasında baş tədarükçüdür. Elə bir havası var. Səhər blokda görüşdük, söhbət koronadan düşdü başladı bic-bic gülməyə. "Sən də bu teatra inanırsan?" deyib, başını yelləyə-yelləyə getdi. Bizim millət ta ki, biri gözünün qarşısında yıxılıb ölməzsə inanmayacaq.

Yadınızdadırsa Çində virus yayılmağa başlayanda hamı başladı yazmağa ki, "ABŞ-ın işidir". Virus İrana keçdi, başladılar ki, "Ancaq ABŞ-ın düşmən olduğu ölkələrdə yayılır". Sonra gəldi çıxdı Avropaya bu səfər də "ABŞ Avropanı Rusiyaya görə cəzalandırır", deyənlər artdı. Ciddi-ciddi bu barədə videolar hazırlayanlar var idi. ABŞ yoluxmağa görə birinci yerə çıxdı. İndi də təzə tema var: "Böyük dövlətləri, dünyanı da idarə edən gizli qüvvələrin işidir". Hər gün hamı bir-birinə rus və türk blogerlərin komplo teorili videolarını göndərir. Həm də bunun yalan olduğunu deyənlərin əksəriyyəti avtoritar rejimlə idarə olunan Rusiya, Belarusiya kimi ölkələrdən olan bloger və jurnalistlərdir. Yəni bir bunlar bütün planı çözüblər amma azad mediaya, söz azadlığına sahib Avropa ölkələrində bir nəfərin bütün bu olanların yalan olduğunu deməyə cəsarəti çatmayıb?!
Komplocular da 2 yerə bölünür: 1) Virus-mirus yoxdur 2) Var amma bu qədər şişirdiləsi bir şey deyil.
Birincilərlə ümumiyyətlə mübahisə etməyə dəyməz, çünki nə desən sənə "Kurtlar Vadisi"nin ssenarisindən sitatlar gətirəcəklər.
İkincilərin əsas arqumeti isə "hər il filan xəstəlikdən milyonlarla adam ölüb, koronavirusu çox şişirdirlər" və s. Halbuki lap başdan elm adamları da bu virusun ölüm dərəcəsinin SARS kimi xəstəliklərlə nisbətdə çox aşağı olduğunu deyirdilər. Amma şəkər, tənəffüs problemləri olan yəni immuniteti zəif olanlar üçün risklidir. Yəni sən tutularsan heçnə olmaz, yüngül keçirdərsən, amma orqanizmi zəif birinin ölümünə səbəb olarsan. Koronavirusun təhlükəli sayılmasının əsas səbəbi çox sürətlə yayılmasıdır. Avropada xüsusilə İtaliyada yoluxmanın və ölümün çox olmasının 3 əsas səbəbi var:

1. Yoluxanların və ölənlərin 70-80%-i yaşlılardı. Avropada 65 yaşdan yuxarı insanlar ümumi əhalinin 20%-ni təşkil edir. Bu da 100 milyondan çox insan deməkdir. Avropada yaşlı nəsil bizdəki kimi evdə oturmur. Çox sosialdıкlar, kino, konsert, restoran, ölkə-ölkə gəzirlər. Burada rifah yüksəkliyi də rol oynayır.

2. Ölümlərin bir çoxu tibbi avadanlıq çatışmazlığının nəticəsidir. Süni nəfəs cihazları çatmır. Bu səbəbdən həkimlər yaşlılardan daha çox yaşama şansı olanlara üstünlük verməyə məcbur olurlar. Hətta yaşlı xəstənin cihazını söndürüb daha gənc xəstəyə verirlər. Bu o demək deyil ki, Avropada səhiyyə zəifdir sadəcə xəstələrin sayı çoxdur. Təkcə İtaliyada yoluxanların sayı 120 mindir. Məhz əsas təhlükə budur. Yəni öldürməsi deyil, kütləvi yayılması.

3. Koronavirusu çox gec ciddiyə almaları. Koronavirusa görə ən ideal mübarizə üsulu Cənubi Koreya və Sinqapur sayılır. Bu ölkələrdə ictimai məsuliyyət çox yüksəkdir. Onların necə sistemli şəkildə qaydalara əməl etməsinin videoları var, açın baxın. Avropada isə insanlar virus xəbərdarlığına başda barmaq arası baxdı. İtaliya Avropanın göbəyindədir, amma çox ölkə sərhədlərini gec bağladı. Hətta koronavirusa görə tətillər elan olunanda İtaliyada insanlar piknik yerlərinə, ticarət mərkəzlərinə axışıblar.

Bir də koronavirusun insan əlinin "məhsulu" olduğunu deyənlər var. Koronavirus istər xüsusi laboratoriyalarda, istərsə də gizli qüvvələr tərəfindən hazırlansın, bir şey faktdır ki, bu virus var. Yalandır deyib insanların həyatı ilə qumar oynamaq olmaz. Yalandırsa bir oyunun parçası olsanız da sağ qalmış olarsınız, yalan deyilsə özünüzün və yaxınlarınızın da həyatını qorumuş olarsınız.

Mənbə: www.yeniavaz.com