“Azərbaycanda koronavirusa yoluxma nəzarətdən çıxsa, qarşısını almaq çətin olacaq” - AÇIQLAMA

“Azərbaycanda koronavirusa yoluxma nəzarətdən çıxsa, qarşısını almaq çətin olacaq” - AÇIQLAMA

Modern.az saytı “Evdə qal” rubrikasını davam etdirir. Bu dəfəki həmsöhbətimiz Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Məmmədovdur. Onunla müsahibəni təqdim edirik:

- Ələmdar müəllim, yeni virus COVİD-19-un xüsusiyyətləri haqqında danışaq.

- Koronavirus infeksiyasından inkişaf etmiş ölkələr daha çox əziyyət çəkir. Dövlətimiz tərəfindən qabaqlayıcı tədbirlər görülür. İnsanlar isə özlərinin və yaxınlarının sağlamlığı üçün karantin qaydalarına mütləq əməl etməlidirlər.

Koronavirus 1960-cı ildə kəşf olunub, 4 böyük cinsi və 60-a yaxın növü var. Toyuqlarda bronxit infeksiya virusu və soyuqlamış 2 xəstənin burun boşluğunda tapılıb və sonda insan koronovirusu 229E və koronovirus OC43 adlandırılıb. Bundan sonra bu virus ailəsinin 2003-cü ildə SARS-CoV, 2004-HcoV NL 63, 2005- HKU 1, 2012-MERS-CoV və 2019- 2019-nCoV-Vuhan koronavirus kimi növləri aşkar olunub.

COVİD-19 adlandırdığımız virus Betta koronovirus cinsinə daxildir. Koronavirus çox maraqlı molekulyar quruluşa malikdir. Bir müsbət +RNT (ribonuklein turşu) zəncirindən təşkil olunub. Genomu göründüyü kimi RNT molekulundan ibarət olub, ayrı-ayrı növlərdə genomun ölçüsü 22-32 min nukleotidə qədər dəyişə bilir. COVİD-19 virusun genomunun ölçüsü 29500 nukleotiddən ibarət bir genoma malikdir. Bu virusun hüceyrəni yoluxdurmasının mexanizmi çox maraqlı və digərlərindən fərqlidir. Belə ki, virusun tac hissəsini formalaşdıran S zülalın polipeptid ardıcıllığımda xüsusi bir domen vardır ki, bu domen hüceyrənin tərkibində olan angiotenzin 2 fermentinin reseptoru ilə birləşərək hüceyrəni aldatmaqla endositoz yolu ilə hüceyrəyə daxil olur. Hüceyrəyə daxil olmuş +RNT zəncir üzərində virus genomunun çoxalmasını, yəni replikasiyasını həyata keçirən RNT asılı RNT polimeraza fermentinin geni translyasiya olunur və RNT-asılı RNT polimeraza fermenti sintez olunur, bu ferment +RNT üzərində mənfi –RNT sintez edir, daha sonra –RNT üzərində +RNT zənciri, yəni virusun genomu sintez olunaraq çoxalır. Hüceyrədə replikasiyaya paralel olaraq virusun genomu və başcığı ilə birləşən bir neçə zülal- N zülalı (genom ilə birləşir), M zülalı, E zülalı və S zülalı virusun genomunda kodlaşan genlərin translyasiyası nəticəsində sintez olunur və sintez olunmuş zülallar N zülal istisna olmaqla endoplazmatik şəbəkəyə daxil olur, onların modifikasiyası Holci aparatına qədər davam edir. Holci aparatının uclarından əmələ gələn vakoulların membranına həmin zülallar yığılır və N zülal ilə birləşmiş genom hissəciyi həmin vakoulun içərisinə daxil olur və formalaşmış yeni virus zərrəciyi ekzositoz yolu ilə hüceyrəni tərk edir və yeni hüceyrələri yoluxdurur. Beləliklə, virus genomu hüceyrənin bütün transkripsiya və translyasiya aparatını zəbt edir və ancaq özünün zülallarının və genomunun çoxalmasını təmin edir və hüceyrənin ehtiyatları tükəndikdə hüceyrə dağılır.
Virus özünün çoxalması üçün hüceyrədən istifadə edir və damcı yolu ilə insandan insana yoluxur.

- İnsanlara virusdan qorunmaq üçün tövsiyələriniz nələrdir?

- Ümumdünya Səhiyyə Təşkilatının bütün tövsiyələrinə riayət etmək lazımdır. Hər bir insan özünü qorumağı bacarmalı, mütəmadi səhhətini yoxlamalı, yəni əgər temperaturu olduğunu hiss edirsə, öskürürsə və tənəffüsü ağırlaşıbsa, mütləq təcili yerli səhiyyə təşkilatlarına səhhəti barədə məlumat verməlidir.

İnsanların hərəkətliliyinin qarşısı alınıb, qadağalar tətbiq olunub. Ona görə də virusun bir regiondan başqa regiona yayılması daha çətindir. Virusa qarşı hər kəsin orqanizmi fərqli reaksiya verir. Kimin immun sistemi normaldırsa, bu xəstəliyə müqavimət göstərib qalib gələ bilir. Yaşlı insanların immuniteti nisbətən zəif olduğuna görə onlar virusa müqavimət göstərməkdə çətinlik çəkirlər. İnsanlar normal qidalanmalı, ekoloji təmiz məhsullardan istifadə etməlidirlər. Hazırda yaz vaxtıdır və tərəvəzin bol vaxtıdır, çoxlu müxtəlif təzə tərəvəzlərdən istifadə olunması tövsiyə olunur. Ümumiyyətlə, Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın məlumatlarını izləmək, bunlara əməl etmək lazımdır.

Amerikanın “The Washinqton Times” qəzetində Çində COVİD-19 virusu ilə bağlı aparılan araşdırmalar barədə məqalə çap olunub. Araşdırmada qeyd olunur ki, virusun yayıldığı Uhan şəhərinin yaxınlığında yarasaların viruslarının araşdırılması ilə məşğul olan laboratoriyada koronavirus da daxil olmaqla 2000-dən çox müxtəlif virus aşkar ediblər. COVİD-19 virusunun quruluşu göstərir ki, SARS adlı virusun mutasiya olunmuş formasıdır. Çinli alimlər isə belə bir tədqiqat apardıqlarını təkzib edirərək, əksinə Amerkanın biloji laboratoriyalarında SARS vurusu ilə təcrübələrin aparılmasını iddia edirlər. Ümumiyyətlə, çin alimlərinin kəşfinə qədər keçən 200 il ərzində 2284 virus tipi aşkar olunub.

Bəzi amerikan və beynəlxalq səviyyəli alimlər yeni virusun Çinin tədqiqat laboratoriyalarından biri ilə bağlılığını inkar edirlər. Onlar təkid edirlər ki, virus təbii yol ilə insanlara keçmiş və sonra insandan insana yayılmağa başlamışdır. Digər alimlər isə virusun Çin laboratoriyalarında öyrənilməsi zamanı xarici laboratoriyanın əməkdaşını yoluxduraraq, ya da yoluxmuş laboratoriya heyvanı vasitəsilə yayılmasını mümkün hesab edirlər.

Biotəhlükəsizlik üzrə tədqiqatçı, Rutqers Universitetinin Vaksman Mikrobiologiya İnstitutunun əməkdaşı prof. Riçard Ebrayt pandemiyaya səbəb olan koronavirusun Uxan virusologiya institutunda yarasaların virusuna 96.2% oxşar olduğunu qeyd edərək, virusun təbii şəkildə heyvandan insan ötürülməsinin və həmçinin laboratoriyadan yayılmasının mümkünlüyünü qeyd edir. Çünki Çində koronavirusların öyrənilməsi xəstəlik yayılana qədər biotəhlükəsizlik səviyyəsi 2 olan (BSL-2) laboratoriyalarda aparıldığı və laboratoriya əməkdaşlarının virusa yoluxmasının minimum müdafiəsini təmin etdiyi qeyd olunur. Belə laboratoriyada virusların toplanması, qidalı mühitdə yetişdirilməsi, ayrılması yaxud heyvanların yoluxdurulnası, laboratoriya işçisinin təsadüfən yoluxması yüksək risk təşkil edir və həmin şəxs cəmiyyəti yoluxdura bilər.

Sosial şəbəkələrdə, Kütləvi İnformasiya Vasitələrində ən çox yayılan fikirlərdən biri də virusun laboratosiyada hazırlandığı haqqında iddialardır. Virusun quruluşunu tədqiq edərək, bu kimi iddialara gələcəkdə aydınlıq gətirmək mümkün olacaq.

- Yaz aylarında fəsil dəyişkənliyi ilə əlaqədar insanların immunitetinin nisbətən zəiflədiyi məlumdur. Bundan əlavə, indi adi qripin də daha çox yayıldığı məqamdır. İnsanlar adi qriplə koronavirusu necə ayırd etməlidirlər?

- Bizim bildiyimiz ənənəvi qriplə koronavirusun simptomları arasında müəyyən oxşarlıqlar var. Koronovirusun simptomları-boğazda ağrı, öskürək, bədən temperaturunun yüksəlməsi, bəzi xəstələrdə xəstəlik daha ağır formada keçir və pnevmaniyaya, yaxud tənəffüs çatışmazlığına (ağır keçən zaman) səbəb olur. Nadir hallarda xəstəlik ölümlə sona çatır. Yaşlı insanlar və müəyyən xəstəlikləri olan insanlar (astma, diabet və ürək patologiyaları) koronavirus infeksiyasının ağır formasının inkişaf etməsinə məruz qalırlar.

İnsanın qrip virusunun simptomları-qızdırma/titrətmə, öskürək, boğaz ağrısı, axan və ya dolmuş burun, əzələ və ya bədən ağrıları, baş ağrısı, yorğunluq və bəzi insanlarda qusma və ishal ola bilər.

Ümumiyyətlə, insanlar adi qripin əlamətlərini hiss etdikdə belə, təcili yardıma xəbər verməlidirlər. Həkimlər müraciət edən xəstədən test götürüb, koronavirus olub-olmadığını dəqiqləşdirib, pozitiv çıxdığı təqdirdə karantinə alaraq mualicə tədbirləri görürlər.

- Dünya ölkələri özlərinin malik olduğu süni tənəffüs aparatlarının sayını açıqlayırlar. Azərbaycanda belə bir statistika məlumdur?

- Bildiyim qədərilə, koronavirus pandemiyası başlayan vaxtdan etibarən 200 süni tənəffüs aparatı alınıb, ölkəmizə gətirilərək həkimlərin ixtiyarına verilib. Amma bundan əvvəl də ölkəmizdə süni tənəffüs aparatları var idi. Bu aparatlardan ancaq vəziyyəti pisləşən xəstələr üçün istifadə olunur.

- Dünyada virusdan sağalan insanlar da var. Lakin koronavirusdan sağalanlar arasında yenidən yoluxanlar da var. Demək, insan koronavirusdan sağalsa belə, immunitet qazanmır...

- Bütün yer kürəsində insanların 60-70 faizinin yoluxacağı bildirilir. Lakin koronavirusa yoluxanlar arasında sağalanlar daha çoxdur, nəinki ölənlər. Azərbaycanda koronavirusa yoluxma nəzarətdən çıxsa, qarşısını almaq çətin olacaq. Xəstə olduğu halda maskasız gəzən və gigiyenik qaydalara əməl etməyən bir nəfər 400-dən çox insanı yoluxdura bilər. Bu qayda ilə davam etsə, pandemiya artacaq və bunun qarşısını almaq çətin olacaqdır. Yəni təbii seçmə baş verəcək, ölən öləcək, qalan qalacaq, yəni immun sistemi normal olan insanların sağalmaq, sağ qalmaq ehtimalı yüksək olacaq. Ona görə, bütün qadağalara, qaydalara riayət etmək lazımdır. O ki, qaldı sualın son hissəsinə qeyd etmək istərdim ki, bu heç də belə deyildir. Yəni COVİD-19 virusa yoluxmuş insan sağalıbsa, deməli həmin şəxsin immun sistemi virusun bu ştamına qarşı uyğun qamma immunoqlobulin sintez edib və növbəti dəfə koronavirusun məhz bu ştamına davamlı olacaq, xəstələnməyəcək. Ancaq yenidən koronavirusa yoluxursa, deməli həmin insan koronavirusun mutasiyaya uğramış yeni ştamı ilə yoluxub və simptomlar özünü göstərir. Bu virusun ştammı mütləq təyin olunur və ona qarşı yeni vaksinlərin hazırlanması istiqamətində tədqiqatlar aparılır.

- Azərbaycanda koronavirusun olub-olmaması hansı testlərlə, metodla yoxlanılır?

- COVİD-19 virusu laboratoriyalarda xəstələrdən alınmış bioloji materiallarda immunoferment metodu ilə ekspress test metod kimi yoxlanıla bilir. Bu metodun əsas üstünlüyü odur ki, koronavirusun başcığının hər hansı bir zülalına (S, M, E, N) qarşı hazırlanmış anticisimlə birləşməsi hesabına qısa müddətdə yoxlanılır. Lakin bu metodun etibarlılığı aşağıdır və bəzən düzgün nəticə vermir. Ona görə də hazırda virusun yoxlanılması Real-Time PCR, yəni real vaxtda aparılan Polimeraza Zəncir Reaksiyası metodu ilə həyata keçirilir. Bu metodun etibarlılığı çox yüksəkdir.

- Vaksinin hazırlanması məsələsi də hazırda dünyanın gündəmindədir. Bu istiqamətdə aparılan araşdırmaları necə qiymətləndirirsiniz?

- Mən oxudum ki, Amerikada SARS-2 virusuna qarşı vaksin hazırlanıb və könüllülər üzərində yoxlanıb, müsbət nəticə əldə edilib. Demək bu vaksin COVİD 19-a da təsir göstərə bilir. Ənənəvi dərmanlardan da istifadə etməklə virusun təsirlərini azaltmaq olar. Yeni bir vaksinin hazırlanması 8-10 il çəkə bilər. Almaniyada vaksin yaradılması ilə məşğul olan elmi mərkəzin rəhbəri isə öz çıxışında bildirib ki, 2021-ci yazına qədər sürətləndirilmiş şəkildə çalışılarsa, bu virusa qarşı vaksin hazırlanması mümkündür. Göründüyü kimi, bu vaxt aparan məsələdir.

Xarici ölkələrdə vaksin hazırlanmasında iştirak edən azərbaycanlı alimlər var. Məsələn, Amerikada prof. Vidadi Yusifov vaksinlərin hazırlanması üzrə uzun illərdir çalışır və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Beynəlxalq statuslu Molekulyar biotexnologiya laboratoriyasına rəhbərlik edir və artıq laboratoriya üçün bir kadr hazırlayıb, onun elmi işi hazırdır və yaxın günlərdə müdafiə edəcək.

Türkiyədə Akdeniz Universitetinin Ziraat fakultəsində AMEA-nın müxbir üzvü, prof. Tərlan Məmmədov bu istiqamətdə tədqiqatlar aparır və artıq müəyyən nəticələr əldə edib və nəticələr patentləşdirilib. Prof. Tərlan Məmmədov həmçinin, institutda beynəlxalq statuslu Molekulyar biomühəndislik laboratoriyasına rəhbərlik edir və laboratoriya üçün kadr hazırlığını Türkiyədə olan şöbəsində yerinə yetirir. Vaksinlərin hazırlanması üzrə müasir molekulyar biotexnoloji metodları mənimsəmiş yüksək ixtisaslı kadrların hazırlanması Azərbaycanda vaksin hazırlanması üzrə laboratoriyaların formalaşmasına və bu istiqamətdə tədqiqatların aparılmasına imkan verəcək.

Mənbə: www.dia.az