Bakı Asiya Universiteti təhsil haqqını ödəməyi tələb edir

Bakı Asiya Universiteti təhsil haqqını ödəməyi tələb edir

“ Bizə güzəşt etmələrini, vəziyyəti anlamalarını istəyirik”
 

Bakı Asiya Universitetinin tələbələrinin şikayəti var. Onlar Meydan TV-yə yazaraq bildiriblər ki, universitet onlara vaxt verib, ən geci aprelin 6-dək təhsil haqlarını ödəmələrini istəyib. Tələbələr bildirirlər ki, indiki zamanda, bu, həm onlar, həm də valideynləri üçün çətindir.

“Çünki koronavirusa görə bir çox iş yeri bağlanıb. Bəzilərimizin valideynləri işini itirib. Məsələn, gündəlik işləyən adamlar artıq işə gedə bilmirlər. Çoxumuz bu gün gündəlik tələbatımızı güclə ödəyirik, təhsil haqlarını necə ödəyək? Bütün dünyada vəziyyət belədir və insanlara güzəştlər edilər. Bizim universitetin isə vecinə deyil, deyirlər, “gətirin, ödənişi köçürün”. Bizi anlamırlar, vəziyyəti dərk etmək istəmirlər. Yaranmış əziyyət heç kimin günahı deyil. Cəzasını da heç kim çəkməməlidir”.

Tələbələr bildirirlər ki, təhsil haqqını ödəməkdən ötrü bəzi tələbə yoldaşları dərsdən sonra işləyirmiş. İndi onların da işləri dayanıb:

“Ofisiant, mağazada kassada çalışan, kitab satan və s. müxtəlif yüngül işlər görən tələbələr var idi. İndi onların da işi dayanıb. Valideynlər də ağır vəziyyətdədir. Düzdür, pulu olan ödəyir, canını qurtarır. Heç kim pulu ola-ola təhsil haqqını ödəməyib, söz eşitmək istəməz. Bizə güzəşt etmələrini, vəziyyəti anlamalarını istəyirik”.

Tələbələr bildirirlər ki, dövlət onların probleminə bir əncam çəkməlidir. Çünki universitet rəhbərliyi onlara deyib ki, yuxarıdan göstəriş alınıb, pul yığımalı, müəllimlərin maaşı ödənməlidir:

“Biz pul ödəməliyik ki, müəllimlərə maaş verilsin. İndi biz nə edək? Anlayırıq, müəllimlərə də pul lazımdır. Ancaq bizim valideynlərimiz də yazıqdırlar axı. Müəllimlər də indi evdə oturub, bizim valideyinlərimiz də. Biz bilmirik həmin pulu haradan tapıb ödəyək. Heç kimdən də istənəcək durum deyil. Hamı pis vəziyyətdədir”.

Tələbələr onu da bildirirlər ki, bir aydan artıq müddətdir ki, dərs keçmirlər. Universitet başqa təhsil ocaqları kimi onlayn dərs rejiminə keçə bilməyib:

“Onlayn dərs keçilmir. Heç dərs keçmək yadlarına belə düşmür. Amma bizdən pulu təcili şəkildə istəyirlər. Bir-iki nəfər deyil. Pulu ödəyə bilməyən yüzlərlə tələbə var. Biz demirik ki, havayı təhsil verin. Heç olmasa güzəşt edin, vaxt verin. Dünyaya virusun yayılması heç kimin günahı deyil. İnsanlıq qalmayıb bizim ölkəmizdə? Bu pis günlərdə mesajlar gəlir telefonumuza. Həmin mesajlarda deyilir ki, biz birik, həmrəyik, bir olaq və s. Budur bizim xalqımızın anladığı birlik?” – deyə tələbələrin müraciətində bildirilir.

Məsələyə Bakı Asiya Universitetindən münasibət öyrənmək mümkün olmayıb. Covid-19 virusunun yayılmasının qarşısının alınması üçün Azərbaycanda martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər dayandırılıb. Martın 14-dən isə Azərbaycanda bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub.

Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır.

Martın 29-dan da xüsusi karantin rejiminin bir qədər də gücləndirildiyi açıqlanıb. Bakı metrosu gün ərzində yalnız müəyyən saatlar çərçivəsində fəaliyyət göstərib. Sonra da martın 31-dən aprelin 20-nə kimi metroda fəaliyyət dayandırılıb. Həmin gündən qaydaların daha da sərtləşdirildiyi elan edilib. Yalnız bəzi icazəli sahələrdə çalışanların sərbəst hərəkətinə maneə yaradılmayacağı vurğulanıb.

Aprelin 5-dən hərəkət məhdudiyyəti ilə bağlı növbəti qərar qəbul edilib. Qərar aprelin 20-dək qüvvədədir.

Yeni qərara əsasən, sadə insanlar yalnız 3 halda evdən çıxa biləcəklər. Tibbi zərurət yarandıqda, ərzaq almaq üçün, poçt xidmətlərindən istifadəyə görə, yaxın qohumunun dəfnində iştirak etmək üçün. Üstəlik, onlar yaşayış yerini tərk etmək üçün icazə almaq üçün 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər. Yalnız izin verildikdən sonra çıxa biləcəklər.

COVİD-19 virusu ötən ilin sonunda Çində aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 70 minə yaxın şəxsin vəfat etdiyi bildirilir.

Mənbə: milletinsesi.info