Özbəkistanda vətəndaşlardan pandemiya ilə əlaqədar gündəlik tutmaları istənilib

Özbəkistanda vətəndaşlardan pandemiya ilə əlaqədar gündəlik tutmaları istənilib

Özbəkistan Baş Prokurorluğu vətəndaşlardan yeni növ koronavirusun yayılmasının qarşısını almaq üçün karantin tədbirləri dövründə əlaqələrini və hərəkətlərini qeyd etdikləri gündəliklər tutmalarını xahiş edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə qurumun Mətbuat xidməti məlumat yayıb.

Baş Prokurorluğun “Telegram” kanalında yayılan məlumatda vətəndaşlara gün ərzində nə vaxt harada və kimlərlə olmaları barədə qeydlər aparmaq məsləhət görülüb.

Mətbuat xidmətindən verilən məlumata görə, hazırda xüsusi qurumlararası işçi qrupu yoluxmuş şəxslərə təmasda olan şəxslərin müəyyənləşdirilməsi istiqamətində iş aparır.

Daha əvvəl Özbəkistan Səhiyyə Nazirliyi virusa yoluxmuş şəxslərin hərəkət tarixlərini özündə əks etdirən interaktiv xəritə yaradıldığını bildirmişdi. “Coronavirus.uz” saytında xəstələrin xəstəxanaya yerləşdirilmədən əvvəl baş çəkdikləri yerləri izləmək mümkündür.

Mənbə: report.az