Cahillik pandemiyadan daha qorxuludur – Sona Davudova

Cahillik pandemiyadan daha qorxuludur –  Sona Davudova

Bir insanın məsuliyyətsiz düşüncə və davranışı bir ailənin, bir qəsəbənin, bir şəhərin və ölkəmizin pandemiyaya sürətlə yoluxması deməkdir

Bəşər tarixi boyunca insanlar müəyyən dövrlərdə çarəsi tapıla bilməyən və həyat üçün təhlükə yaradan xəstəliklərdən əziyyət çəkiblər. Hazırda son dövrün ən qorxulu pandemiyası Çinin Uhan şəhərində baş verən və Covid-19 adlı korona virus pandemiyasıdır. Virus ilk yayıldığı günlərdə əvvəlcə ölkəmizdə rast gəlinməsə də , insanlara psixoloji baxımdan mənfi mənada öz təsirin göstərməyə başlamışdır.

Olaylar.az insanların pandemiya zamanı psixoloji baxımdan necə hazırlıqlı olmaları ilə bağlı psixoloq Sona Davudovanın məsləhətlərini təqdim edir.

Psixoloq bildirir ki, sosial mediadan istifadə tezliyinə baxdıqda insanların daim pandemiya haqqında çoxlu səhv məlumatlara məruz qaldıqlarını görürük: "Bu mövzuda paylaşılan vizual və yazılı məqalələr insanlarda yüksək səviyyədə stress, qorxu, təşviş, yuxu, qidalanma pozuntularının yaranma sıxlığı artırmağa başlayıb. Xüsusən obsessiv kompulsiv pozuntudan əziyyət çəkən insanlarda təmizlik obsessiyasının son günlər hədsiz dərəcədə artdığı müşahidə olunur. Çünki bu dəfə sabun və dezinfeksiyaedici maddələr bu insanlar üçün asılılıq halı yaradıb. Əlbəttə, insan fiziologiyası ilə psixologiyası bir vəhdət təşkil etdiyi üçün, insanın fizioloji durumu ilə bağlı psixoloji narahatlıq keçirməsi təbii haldır.

Bir tərəfdən bu qədər narahatlıq və qorxu bizi virus haqqında daha çox məlumat əldə etməyə və buna görə hərəkətə keçmək və özümüzü qorumaq yollarını araşdırmağa vadar edir. Bu fizioloji baxımdan müsbət haldır."

Sona Davudova qeyd edir ki, ancaq psixologiyamıza mənfi təsir edən, ən çox qorxudan şeylərdən biri də qeyri-müəyyənlikdir: "Hələlik virusun müalicəsi olmadığı və buna görə də hər gün bir çox ölkədə ölüm hallarının artdığını eşitmək və ölkəmizdə görmək ölümlə bağlı ciddi qorxu yaradır. Bunun qarşısını almaq və psixologiyamızı qorumaq üçün pandemiya ilə bağlı məlumatlılığımızı artırmalıyıq.

Fiziki tədbirlərdən başqa psixoloji tədbirlər də görmək lazımdır. Bu vəziyyətdən qorunmaq üçün bir çox tədbirlərimiz var. Əlbətdə bu tədbirlər Səhiyyə Nazirliyi, həkimlər və səhiyyə işçiləri tərəfindən izah edilir. Pandemiya haqqında heç bir təsəvvürünüz yoxdursa, Səhiyyə Nazirliyinin veb saytına daxil olaraq koronavirus (covid-19) haqqında ətraflı məlumat əldə edə bilərsiniz. Mənim toxunmaq istədiyim məqam vəziyyətin psixoloji ölçüsüdür.

Xüsusilə son dövrdə qorxuların artdığını görürük. Qorxu və narahatlıq şüurun qatilləridir. Qorxu və narahatlıq hissi ilə özümüzü itirsək, koronavirusdan daha çox təşviş nəticəsində yaranan ziyanla qarşılaşmalı olacağıq."

Psixoloq vurğulayır ki, belə bir zamanda fizioloji durumumuzla yanaşı psixoloji durumumuzu necə qoruya bilərik? Nələr etməməliyik?

1.Riskli ( evlənmək, boşanmaq, ayrılmaq, iş dəyişmək və s.) kimi riskli qərarlar almamaq lazımdır. Çünki stressin təsirindən insanlarda sürətli qərar vermək istəyi yarana bilər. Qısa zamanda alınan belə riskli qərarlar uzun müddətli peşmanlıqlara səbəb ola bilər.

2.Ətrafımızdakı insanlara mövzu haqqında yalnış məlumat və nümunələr danışaraq bir-birimizə təsir etməməyə və qorxutmamağa çalışmalıyıq.

3.Uşaqlarla etdiyimiz söhbətlərdə diqqətli olmalıyıq. Uşağınız sizin narahat və təşvişli olduğunuzu görsə, daha çox qorxmağa başlayacaq. Bu mövzuda uşağınızın yaşına uyğun olaraq qısa və real məlumat verməlisiniz. Onlara güvəndə olduqlarını hiss etdirin.

 

4. İlluziyalara qapılmamalıyıq. Təşviş motivlidir və həyatımızı davam etdirmək üçün gərəklidir, olmalıdır. Əvvəla, qorxu və narahatlıq yaşayırıqsa, düşüncələrimizi mütləq başqa nöqteyi-nəzərdən daha vahid bir yanaşma ilə idarə etməli və bu narahatlığı aradan qaldırmalıyıq.

5. Yaxınlarınızla ünsiyyəti kəsməyin. Belə hallarda sevdiyiniz insanlarla, xüsusən başqa ölkədə olan doğmalarınızla virtual ünsiyyəti artırın, bir-birinizlə psixoloji vəziyyətinizi bölüşün. Uyğunlaşama dövründə hər kəs bir-birinə dəstək olmalıdır.

6. Özümüzü aldatmayaq.

Korona virusu kimi həyati funksiyalarımıza təsir edəcək ciddi bir təhlükə ilə üz-üzəyik.

Uzun müddət çölə çıxmadan evdə qalmaq, azadlığın məhdudlaşdırıldığı kimi düşüncə xətası etməmizə də səbəb ola biləcəyini bildirən psixoloq qeyd edir ki, bu prosesi evdə keçirdiyimiz zaman, qorxu və narahatlıq vəziyyətinin normal olduğunu qəbul etməliyik:

"Evdə isə çoxdandır etmək istədiyiniz ancaq fürsət tapmadığınız işləri edin, həvəslə alıb vaxt lakin tapıb oxuya bilmədiyiniz kitabları oxuyun. Özünüzə sağlam qəlyanaltılar hazırlayın. Evdə edə biləcəyiniz məşqlər həm stresinizi azaltmağa, həm də səhhətinizi gücləndirməyə kömək edəcək. Evdə ailənizlə edə biləcəyiniz işləri planlaşdıraraq ailə üzvləri arasındakı əlaqəni gücləndirməyə çalışın. Əyləncəli bir mühitə çevrilən ev hər kəsə özünü daha yaxşı hiss etdirəcəkdir.

Və ən əsası, bu duyğu və düşüncələrin çox yüksək həddə olması təşviş, panika kimi psixoloji pozuntulara yol açdığı qədər tam əksi heç bir şey olmamış kimi laqeyd davranmaq da ən az o qədər ciddi psixoloji problemdir.

Bir insanın məsuliyyətsiz düşüncə və davranışı bir ailənin, bir qəsəbənin, bir şəhərin və ölkəmizin pandemiyaya sürətlə yoluxması deməkdir.

Əmin olun, cahillik pandemiyadan daha qorxuludur!"

Ay An

Mənbə: olaylar.az