"Uşaqlarda koronavirus zamanı ağırlaşma o hallarda olur ki..." - Pediatr

"Uşaqlarda koronavirus zamanı ağırlaşma o hallarda olur ki..." - Pediatr

Əvvəllər koronavirusun uşaqlara yoluxmadığı haqqında məlumatlar yayılmışdı. Lakin hazırda virusun yayılma əhatəsi genişlənib və daha geniş araşdırılma aparıldığına görə artıq o fikirdə deyillər. Məlumatlar hər gün yenilənir. Uşaqlara yoluxma faktı aşkar olunub, hətta körpələrdə, hamilə qadınlarda da koronavirus aşkarlanıb.

Bunu Teleqraf.com-a açıqlamasında həkim-pediatr Xəyalə Quliyeva deyib.

O bildirib ki, böyüklərlə müqayisədə uşaqlarda koronavirusa yoluxma simptonları fərqlidir: "Böyüklərdə virus temperaturla, öskürəklə özünü göstərirsə, bu proses uşaqlarda fərqlidir. İshal, qusma kimi əlamətlər ola bilər. Bir qədər böyük uşaqlarda iy və dadbilmə hissiyyatı itir, baş ağrıları olur. Sonra temperatur, öskürək kimi əlamətlər başlayır. Bunlar yalnız koronavirus testi edildikdən sonra təsdiqlənə bilər.

Testin müsbət çıxması o demək deyil ki, xəstənin vəziyyəti ağırlaşacaq. Bu, ağciyərlərdə ağırlaşma, pnevmoniya baş verəcəyi anlamına gəlmir. 85 faiz hallarda xəstəliyi heç bunu simptomsuz, çox yüngül dərəcədə keçirmək ehtimalı var".

Həkim qeyd edib ki, virusa yoluxmuş uşaqda başqa xəstəlik də varsa, ağırlaşmalar mümkündür: "Uşaqların qorunma qaydaları böyüklərdə olduğu kimidir. Ən əsası, uşaqların əllərini tez-tez sabunla yumaq lazımdır.

Körpələrə spirtdən istifadəni tətbiq etmirik, bu onların dərisi üçün zərərli ola bilər. Uşaq 1 yaşa qədərdirsə, damcı şəklində, 1 yaşdan yuxarıdırsa sprey şəklində burunu gün ərzində 7-10 dəfə dəniz suyu ilə yumaq lazımdır. Burun nə qədər açıq qalarsa, dəniz suyu ilə yuyularsa, bir o qədər infeksiya qapma riski az olar.

Eyni zamanda bir qədər böyük yaşda uşaqlara qarqara etdirilir. Bir stəkan suya bir-iki xörək qaşığı perikis əlavə edilir, bu qarışımla qarqara edilir, yaxud şpris vasitəsilə boğaza püskürtmək olar. Evin havası gün ərzində tez-tez dəyişməlidir. Ən əsası uşaqları bu müddət ərzində çölə buraxmaq olmaz. Maksimum evdə qal prinsipinə əməl edilməlidir".

Mənbə: teleqraf.com