Mingəçevirdə koronavirusla mübarizə tədbirləri fasiləsiz davam etdirilir

Mingəçevirdə koronavirusla mübarizə tədbirləri fasiləsiz davam etdirilir

Bütün dünyanı cəngində almış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə sahəsində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın təlimatlarına uyğun olaraq, ölkənin hər yerində olduğu kimi Mingəçevir şəhəri ərazisində də profilaktik dezinfeksiya işləri davamlı və intensiv xarakter alıb.

Bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə Mingəçevirin yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi lift kabinələri və onların ətrafında, məişət tullantılarının atıldığı konteyner meydançalarında, məktəblərdə, məktəbəqədər, orta ixtisas, ali təhsil müəssisələrində, poliklinikalarda, dayanacaqlarda və digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır. İri sənaye, ticarət və xidmət müəssisələrinin binaları, poçt şöbələri, banklar və bankomatlar tam dezinfeksiya olunur. Əhaliyə xidmət göstərən supermarket, aptek, bazar və digər satış sahələrində müvafiq qabaqlayıcı tədbirlərin görülür. Həmçinin məhəllələrdə oturacaqlar, idman qurğuları, söhbətgahlar, uşaq meydançalarında dərmanlanma işləri həyata keçirilir. Günboyu insanların ən çox istifadə etdiyi ictimai nəqliyyat vasitələri də diqqətdən kənarda qalmır.

Qeyd edək ki, "Mingəçevir şəhəri ərazisində koronavirus infeksiyasına qarşı mübarizənin təşkil edilməsi haqqında" İcra Hakimiyyəti başçısının sərəncamına əsasən başçının müavini Hikmət Kərimovun sədrliyi ilə İşçi Qrup yaradılmış və şəhər üzrə mübarizə tədbirlərinin təşkili bu Qrupa həvalə olunmuşdur.

İşçi Qrupun üzvləri tərəfindən vətəndaşlarla mütəmadi olaraq, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri, koronavirus xəstəliyinin simptomları və onun yayılmasının qarşısının alınması yollarına dair məlumatlandırma, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi əməl etmələri barədə təbliğat işləri aparılır. Sakinlər, koronavirus infeksiyasının yayılmasının qarşısını alınması məqsədilə ölkə ərazisində tətbiq olunmuş sosial izolyasiya tədbirlərinə, xüsusi karantin rejiminin tələb və qaydalarına riayət etməyə dəvət olunurlar.

Mənbə: moderator.az