ÜST-dən dövlətlərə müraciət: “Karantin tədbirlərini azaltmağa tələsməyin”

ÜST-dən dövlətlərə müraciət: “Karantin tədbirlərini azaltmağa tələsməyin”

"Ayrı-ayrı ölkələrdə koronavirusun yayılması ilə bağlı tətbiq olunan məhdudlaşdırıcı tədbirlər yeni yoluxma dalğasına yol verməmək üçün vaxtından öncə azaldılmamalıdır. Yoxsa hamı əvvəlki vəziyyətə yenidən geri dönə bilər".

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Cenevrədəki rəsmi nümayəndəsi Kristian Lindmayer bəyan edib.

Qeyd olunur ki, Avstriya karantin rejiminin yumşaldılacağını bildirən ilk Avropa ölkəsi olub.

Kansler Sebastyan Kurts tvitter hesabında öncə kiçik mağazaların, daha sonra otel və restoranların açılacağını xəbər edib. S.Kurts ölkəsinin epidemiyaya vaxtında reaksiya verə bildiyi üçün artıq nisbətən arxayın olduğunu dilə gətirib.

"Bizim hədəfimiz aprel ayının 14-nə qədər 400 kv.m-lik mağazaların, əlcək və maskaların daşınması kimi tədbirlərə əməl etməklə açılmasından ibarətdir", - deyə o qeyd edib.

May ayının 1-dən isə Avstriyada ticarət mərkəzlərinin və bərbərxanaların açılması planlaşdırılır. Orta məktəblərdə onlayn tədris bu ilin mayın ortalarına qədər davam etdiriləcək. Kütləvi tədbirlərə qoyulan qadağalar isə hələ iyun ayına qədər qüvvədə qalacaq.

 

Çexiya vətəndaşları isə bu ilin aprel ayının 7-dən açıq havada, həm də tibbi maskasız idman etmək hüququna malik olacaqlar. Lakin ictimai obyektlərdə ən az 2 metrlik sosial məsafənin qorunması qaydası ləğv edilmir.

Aprel ayının 9-dan Çexiyada ərzaq mağazalarından başqa digər ticarət obyektlərinin açılışına icazə veriləcək. Aprelin 14-dən etibarən ölkə vətəndaşları "mötəbər səbəblər göstərərək" (məsələn ezamiyyət kimi) ölkə ərazisini tərk etmək hüququna malik olacaqlar.

Danimarkada karantin tədbirlərinin mərhələli azaldılması planının bu ilin aprel ayının 15-dən gerçəkləşdirilməsi nəzərdə tutulur. Həmin vaxtda uşaq bağçalarının və ibtidai siniflərin işinin bərpa ediləcəyi gözlənilir.

Lakin baş nazir Mette Fredriksen qalan məhdudlaşdırıcı tədbirlərin hələ bu ilin may ayının 10-na, kütləvi yığıncaqlara qoyulan yasağın isə avqust ayına qədər davam edəcəyini söyləyib.

Mənbə: olaylar.az