Aqşin Evrən: “Koronavirusdan sonra dünya belə olacaq” – Müsahibə

Aqşin Evrən: “Koronavirusdan sonra dünya belə olacaq” – Müsahibə

Teleqraf.com-un “Düşünmək vaxtı” rubrikasının qonağı şair Aqşin Evrəndir.

Onunla müsahibəni təqdim edirik:

- Lukretsi deyirdi ki, uşaqlar kor qaranlıqdan qorxduğu kimi, biz də işıqdan qorxuruq. Yəni niyə insan onu gizlədən qaranlığa çəkilməyə meyllidir?

- Sirrini itirən hər şey işğal edilmiş sayılır. Ümumiyyətlə, kəşf bir növ işğal, işğal isə kəşfdir. Məsələn, Makedoniyalı İsgəndərin hərbi uğurları - işğalları həm də coğrafi kəşflərə səbəb olmuşdu. İşğal etdiyi yeni ərazilərin xəritəsini hazırlatdırırdı.

Başqa bir misal çəkim. 500 il əvvəl indiki Peru ərazisində inklərin möcüzəvi şəhəri - Maçu Pikçu da məhz kəşf nəticəsində məhv olub. XVI əsrdə ispanlar Maçu Pikçuya gələndə çiçək xəstəliyi gətirirlər. Bu da o möhtəşəm sivilizasiyanın sonunu sürətləndirir.

Yəni aşkar olmaq, sirrini itirmək bir nəsnənin işğalına, məğlubiyyətinə səbəb olur. İnsanın aşkarolmaya qarşı refleksi onun işğaldan xilas olmaq cəhdidir. Həmçinin, işıq insan təbiətinə yad bir şeydir. Təsəvvür edin, insanlığın 200-300 min ildən çox yaşı var, amma o, lampanı cəmi 150 il əvvəl kəşf edib. İnsanın doğulduğu Yer kürəsinin işığı yoxdur, olmayıb. Yəni insan qaranlığa, gizliliyə uyğun formalaşıb.

- İnsan həm də uçurumun dibinə yuvarlanana qədər başa düşmək istəmir...

- Belə deyim, insan son ana qədər uçuruma yuvarlanacağına inanmır. Amma uçurum varsa, ora yıxılmaq qaçılmazdır. Çünki cazibə qüvvəsi var: o uçurum boş qalmamalıdır.

XIII-XIV əsrlərdə Şərq hürufiliyinin bacarmadığını XVI əsrdə Qərb renessansı bacardı və insanı əsrlərdir məhkum olduğu təslimiyyətçilikdən xilas etdi. Yəni insan gücləndi, özü haqda fikri dəyişdi. Əvvəlcə özünə, sonra ətrafına, daha sonra dünyaya diktə eləməyə başladı. Müxtəlif dövrlərdə ekzistensialistlər, absurdistlər, pessimistlər orta əsrlərdəki təslimiyyətçiliyə qayıtsalar da, bu, bütöv mənada toplumları əhatə etmədi. Nəticə olaraq indi də insan özü haqda yüksək fikirdədir. Təbii, bunda son 50 ildə əldə edilən inanılmaz elmi-texniki, hərbi, tibbi uğurların da rolu var. Ancaq düşünürəm ki, postkorona dövründə insan reallığı - çarəsizliyini tam mənası ilə başa düşəcək.

- Kainatı bizə sonsuz göstərən şey varlıq olaraq insanın natamamlığıdır, yoxsa həqiqətən kainat sonsuzdur?

- Kosmologiya probleminin yaşı ən azı insanlığın ömrü qədərdir. Çünki ilk insanlar kosmik cisimlər, göydə baş verən təbii proseslərə anlam verməyə çalışıblar. Hətta dünyanın yarısını tutmuş Çingiz xan kimi ağıllı bir insan da şimşək çaxmasını, göy guruldamasını Tenqrinin qəzəblənməsi kimi qəbul edirdi. Bəzən yürüşlərini, hücumlarını da göy cisimlərinin hərəkət trayektoriyasına görə müəyyənləşdirirdi.

Deməyim o ki, minillərdir həllini tapmayan, konkret cavabı bilinməyən bir problemə mənim düzgünə yaxın cavab verməyim mümkün deyil. Amma kainatın sonsuzluğu haqqında onu deyə bilərəm ki, bir nəsnənin başlanğıc nöqtəsi varsa, mütləq ki, sonu da var.

İnsanın isə natamam olduğunu düşünürəm. Zərrəcik boyda mikroba məğlub olan bir canlının mükəmməl olması fikri absurddur. İnsan natamam varlıqdır və hələ ki özünə məğlub olur.

- Bu gün dünyanı cənginə alan pandemiya haqda nə düşünürsünüz, bizə nəyi başa saldı, insanları dəyişə biləcəkmi?

- Bayaq dediyim kimi, insan çarəsizliyini daha yaxşı başa düşəcək. Amma mən dünya nizamında böyük mənada nəyinsə dəyişəcəyini düşünmürəm. İnsanlıq sonuncu dəfə ötən əsrin əvvəllərində baş vermiş fəlakətdən, yəni I Dünya müharibəsindən çox “yaxşı” bir dərs çıxarmışdı - II Dünya müharibəsini başlatmışdı. İndi də nəyinsə dəyişəcəyini gözləmirəm. Uzağı, 2 il sonra koronanın yaratdığı travmalar da çəkilib gedəcək və yenə dünyanı bölüşdürməyə davam edəcəklər. Bir də ciddi iqtisadi dalğalanmalar ola bilər, 1929-da müşahidə olunmuş Böyük böhranın daha ağır versiyasını görə bilərik.

Hazırda isə fakt budur: biz dünyada öz faciəmizlə tək qalmışıq. Əvvəllər hansısa kiçik dövlətlər bir fəlakətlə üzləşəndə böyük dövlətləri köməyə çağırırdı. İndi isə o böyük dövlətlərin özünə kömək edən lazımdır. İnsanlıq Yer kürəsində tək qalıb və gedəcək başqa yeri yoxdur.

- Yazırsınız ki, tarixdə üç ciddi fakt varsa, onun ikisi qadındır. Niyə belə düşünürsünüz?

- Bu ifadəni qadını ilahiləşdirmək anlamında deməmişəm. Ümumiyyətlə, qadının və ya kişinin – hansısa birinin üst varlıq olması haqda deyilənlər boş pafosdur. Sadəcə, tarix boyu, hətta matriarxat dönəmində belə dünyada kişi hegemoniyası hakim olduğu üçün qadın faktı müxalif bir anlayış kimi qarşımıza çıxır. Qadın fakt olaraq əslində bir neçə formada mövcuddur. Təbii, burada davranış, əxlaq, nitq, mənəviyyat kodekslərində də estetik olan qadından söhbət gedir. Qadın canlı orqanizm olmaqla yanaşı, həm də estetikadır. Məsələn, sənət özü belə ona görə gözəldir ki, onun daşıdığı gözəllik anlayışı da daha çox qadınla assosiasiya olunur.

Fikir verin, biz gah Şumer mətnlərinə istinadən qadını qadağan olunmuş meyvəni yeməkdə ittiham edirdik, gah antik tarixə istinadən onu matriarxatla xatırlayırıq, gah da hindlilərin ibtidai qaydalarına əsasən ölən əri ilə diri-diri basdırırıq. Fikir verirsinizsə, əksər mühüm proseslərin içində qadın rol alır. Burda xristian və islam dünyasında müxtəlif dövrlərdə qadına olan paradoksal münasibətləri də danışmaq olardı, amma o, daha geniş söhbətin mövzusudur. Deməyim o ki, bütün mistik, dini, fəlsəfi, tarixi böhranların içində qadın mövzusu qırmızı xətt kimi keçir.

Bu baxımdan, qadının tarixin gedişatında önəminə diqqət çəkmək üçün belə bir fikir demişəm. Amma hər şeydən əvvəl, dünyada kişi üçün üç ciddi fakt varsa, ikisi sevdiyi və onu sevən mənəviyyatlı qadınıdır.

Mənbə: teleqraf.com