TƏBİB: Planlarımızı bütün ssenarilər üzrə hazırlamışıq

TƏBİB: Planlarımızı bütün ssenarilər üzrə hazırlamışıq

“Tibb qurumu olaraq planlarımızı bütün ssenarilər üzrə hazırlamışıq. Ölkə rəhbərliyi ən optimal vəziyyətdə işləməyimiz üçün bütün şəraiti yaradıb”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, bütün ssenarilərə hazır olmaq üçün qabaqlayıcı tədbirlər vaxtında görülür.

"Bu gün ayrılan tibb müəssisələrində ehtiyatlarımız var. Amma elə ssenarilər ola bilər ki, bunun üçün ehtiyatı indidən görməliyik. Azərbaycan Prezidentinin sərəncamı ilə 6 modul tipli xəstəxana tikiləcək, bu isə tibbi personalın və tibbi vasitələrin səmərəli istifadəsi üçündür.

Yeni modul tipli xəstəxanalar həm Bakı, həm də regionlarda nəzərdə tutulub. Artıq texniki və kadr işlərinə başlamışıq. Biz bu müəssisələrin istifadə edilməməsi üçün əlimizdən gələni edirik, amma vətəndaşlar da karantin rejiminə ciddi yanaşmalıdır", - deyə TƏBİB-in sədri vurğulayıb.

Mənbə: apa.az