Karantindən sonra insanları gözləyən AQİBƏT - Psixoloqdan ÇIXIŞ YOLU

Karantindən sonra insanları gözləyən AQİBƏT - Psixoloqdan ÇIXIŞ YOLU

Koronavirusla mübarizənin sonu hələ ki, görünmür. Yoluxmamaq, yoluxdurmamağın əsas şərti isə evdə qalmaqdır. İlk baxışdan bu asan görünsə də, bütün gün evdə oturmaqdan şikayətlənənlər, sıxılanlar da az deyil.

Yenicag.az-a açıqlama verən psixoloq Fuad Əsgərov karantin dövrünü hər birimiz üçün özümüzü kəşf etmək baxımından yaxşı fürsət kimi dəyərləndirib.

Psixoloq hesab edir ki, “mən ancaq çöldə, dostlarımla əylənə bilərəm”, – deyə şablonlar qurmamalıyıq. Elə həyat tərzi seçməliyik ki, istənilən situasiyada əylənməyi və həyatdan zövq almağı bacaraq. İnsanlar indiyə qədər buna məcbur olmadığı üçün düşünürlər ki, evdə əyləncə anlayışı yoxdur. Amma bu barədə düşünməyə fürsətləri var:

“Müəyyən məşğulyyətlər lazımdır. Film izləmək, kitab oxumaq, hansısa sayt və ya proqramlardan istifadə etmək, virtual turlar və s. Bunların hər birini edərək, insan görəcək ki, hansı daha çox əyləndirir”.

Bir çox insan karantin rejimindən sonra çölə çıxmağın çətin olacağını düşünür, psixoloq isə deyir ki, insanın əvvəldən utancaqlıq və çölə çıxmaq qorxusu yoxdursa, heç bir problem olmayacaq.
Lakin başqa problemlər ortaya çıxa bilər:

“Karantindən sonra təmizlik obsesiyalarının artacağını düşünürəm. Belə insanlar gündə 20-25 dəfə əllərini yuyur, o qədər spirt vurur ki, hətta dəri zərər görür”.

Cütlüklər arası konfliktlərdən danışan psixoloq Fuad Əsgərov deyir ki, konfliktlərin sayı çoxala bilər.

“Cütlüklər bir-birlərinə qarşı daha negativ hisslər bəsləməyə başlaya bilərlər. Bu o demək deyil ki, buna karantin dövrü səbəb oldu. Əvvəllər də belə gərginliklər də olurdu, yenə də stress, depressiya yaşana bilər, amma bunun da çox sadə həlli var. İnsanlarla səmimi olmaq, problemi şişirtməmək”.

Mənbə: yenicag.az