Koronavirus dünyanı və bizi dəyişəcək. Amma necə?

Koronavirus dünyanı və bizi dəyişəcək. Amma necə?

1346-cı ildə Orda xanı Canıbəyin qoşunları genuyalıların Krımdakı şəhəri olan Kafanı mühasirəyə almışdılar. Şəhərdə qəflətən epidemiya başladı. Xan qoşunlarına geri çəkilmə əmri verdi, amma gedərkən mancanaqlarla şəhərin qala divarlarının içinə kəsik əsgər başlarının atılmasını əmr etdi.

Həmin əsgərlər epidemiyadan ölmüşdülər.

Mühasirə bitəndən və ordalılar gedəndən sonra genuyalılar dəniz ticarətini bərpa etdilər və sonradan bəşər tarixinə "Qara ölüm" kimi düşəcək bəlanı Aralıq dənizi sahillərindəki ölkələrə daşıdılar. Həmin bubon taunundan Avropa ölklərində on milyonlarla insan öldü. Daha dəqiq olsaq, böyük şəhərlərdə hər 4 nəfərdən üçü, ölkələrdə isə hər 3 nəfərdən biri taunun qurbanı olaraq keçindi.

COVİD-19 koronavirusu barədə müfəssəl, geniş yazmaq niyyətim yoxdur.

Orta əsrlərdə Avropanı ölüm və məhv astanasına aparmış bubon taunu barədə geniş bəhs etməyəcəyəm.

Həmin taunun və sonradan təkrarlanan epidemiyaların Avropanı birdəfəlik necə dəyişdiyindən yazmaq istərdim.

İqtisadi sonuclar ən üzdə olanlardır. Orta əsrlərdə Avropada ən böyük varidat torpaqdı. Həmişə çatışmırdı, feodallar torpaqdan yemlənirdilər. Torpaq əvvəlki qədərdi - amma işçi qüvə çatışmırdı. Bəzi məkanlarda kəndlilərin sayı yetərincə olsa da, şəhərlər boşalmışdılar. Nə məhsulu satmaq üçün bazarlar vardı, nə kəndlilər üçün əkin-biçin alətləri, nə də feodal üçün zinət əşyaları.

Bu səbəbdən ilk dəyişilik ödənişlərin və maaşların artımı oldu. Mahiyyət etibarilə Avropada natural təsərrüfatdan əsl bazar təsərrüfatına keçid məhz taunun nəticələrindən biri idi.

Şəhər sakini daha çox qazanmağa başladısa, deməli, daha çox xərcləmək imkanı əldə etdi. Beləcə, şəhərlərdə yeni, burjua mədəniyyəti formalaşmağa başladı. Burjualar baronlardan və prelatlardan asılılıqdan qurtulmağa, siyasi hüquqlar və haqlar uğrunda mübarizəyə qədəm qoydular. Onlar mövcud adətləri, qaydaları və qanunları, əsası isə həyat tərzini şübhə altına aldılar.

Və onda avropalılar anladılar ki, insanların dua edənlərə (din xadimləri), savaşanlara (zadəganlar) və çalışanlara (yerdə qalan hər kəs) bölünməsi prinsipi düz deyil. Sən demə, bütün insanlar eyni dərəcədə ödümcüldür və qəflətən ölürlər. Belədirsə, hüquqlarla məsuliyyəti yenidən paylaşmaq nədən olmasın?!

Elm inkişaf etməyə başladı - xüsusilə də təbabət. O dönəmlərədək həkimlər əmindilər ki, qədim yunan və Roma modellərinə görə, insanda xəstəlik ilk əvvəl 4 həyati önəmli yaşam şirələrinin (qan, limfalar, sarı və qara (olmayan) öd) pozulmasından yaranır. Bunlar daxili səbəblər sayılırdı. Xarici səbəblər isə cadugərlik, torpaqdan qalxan zəhərli buxarlar və havadakı təhlükəli miazmlar bilinirdi.

Amma taun yayılandan və insanları oraq kimi biçəndən sonra həkimlərlə dərman satanlar çox dəyərli müşahidələr əldə etdilər, düşünməyə və təhlillərə başladılar. Məsələn, məlum oldu ki, qəbirqazanlar tauna daha az yoluxur. Beləcə, insan orqanizmində immunitetin necə olmasının anlayışına doğru ilk addım atıldı.

Gigiyena qaydalanının tətbiqi ilə bağlı ilk cəhdlər də elə onda oldu.

Anlaşıldı ki, kilsədəki ayinlər, dualar və ibadətlər xəstəliyin yayılmasının qarşısını almır?

Avropalılar düşünməyə başladılar: bəlkə iş ibadətdə yetərincə inanclı olmamaqdadır? Bəlkə keşişlərin özləri günah işləmiş insanlardır? Bəlkə kilsə günahlarda, tamahkarlıqda və dünya malına aşiqlikdə itib-bataraq Tanrının buyruqlarını unudub?

Reformasiyaya hələ əsr yarım vardı və dəyişikliklər üçün ilk əvvəl kitab çapı gərəkdi. Amma Avropanın müxtəlif yerlərində Bibliyanın fərdi anlamına və təhlilinə əsaslanan "alternativ xristianlıq" versiyaları formalaşmağa başladı.

Kilsə və dünyəvi hakimiyyət bütün bunlara qaydaların sərtləşdirilməsi, vergilərin artırılması və karantin tətbiqi ilə cavab verdi.

Yeri gəlmişkən, karantin italyan dilində "quarantena", yəni "qırxgünlük" sözündən yaranaraq "Böyük Pəhriz orucu" mənasını verirdi. Fəqət, onlar sadə insanların həyatlarına artıq əvvəlki təki nəzarət edə bilmirdilər.

Axı əvvəllər hər şey sadə idi: dəmirçi ailəsində doğulan oğulsansa, elə həmin dəmirçixanada dəmirçi kimi öləcəksən. Həyatın atanın, babanın və ulu babanın yaşamının təkrarı olacaq. Çox günah işləməsən, həyatın nisbətən uzun, tox və bəxtəvər təsir bağışlayacaq.

Taundan sonra hər şey dəyişdi. Kimi taundan qaçaraq evinin qapılarını bağlayır, kimi yeni işə başlayır, kimi də əvvəlki işə görə daha çox pul tələb edirdi.

Nədir bu? İnsan taleyini özü müəyyənləşdirir?! Yəni belə ola bilər ki?!

O dönəmlərin kilsə rəngkarlığında sevimli, populyar süjet belə idi: "Ölüm rəqsi", bütün tabanlardan olan insanların skeletləri yallı gedirlər.

 

Bu taunun, yoxsa insanlığın triufmu idi?

Bəşər övladı dərk etdi ki, həyat o qədər zərif və dəyərlidir ki, sona çatmamış onu dəyərləndirmək gərəkdir. İstənilən həyatı, hər insanın ömrünü, bütün fərqliliyi və müxtəlifliyi ilə.

... "Qara ölüm" dönəmlərində İtaliyanın Florensiya şəhərinin on yeniyetmə sakini ucqardakı villalardan birinə qapanmışdılar. Bokaççonun öz "Dekameron"nunda bəhs etdiyi kimi olmuşdu o hadisə, yoxsa yox - dəqiq bilmirik.

Amma bilirik ki, məhz o vaxtda insanların öyrəşdikləri sistemlər, adi dünya çökürdü, xaosa dönürdü. O villadakı yeniyetmələr isə bir-birlərinə əhvalatlar danışırdılar. Taun zamanında...

Uzun müddət "Dekameron"dakı yeniyetmələr tərbiyəsiz sayılıblar. Belə deyil. O gənclər xaosdan, viranəlikdən kosmos yaradırdılar - sadəcə, öz kainatlarını, şəhər magistratları, hersoqların və yepiskopların əmrləri əsasında yox, özləri dürüst bildikləri kimi. Yəni eynən indi sosial şəbəkələrdə olduğu kimi.

Günün mövzusunu və müzakirələrin formatını verir, mahiyyət etibarilə yaşamları üçün qaydaları özləri yazır, sonra da o qaydaları uğurla gerçəkləşdirirlər.

Pozuntuya görə cəza alacaqlarına görə yox, belə yaşam onlar üçün rahat və yaxşı olduğu üçün.

Taunla bağlı əhvalatlar və rəvayətlər əsl insan barədədir. Əsl insanın hissləri, nifrəti və sevgisi barədə, olduğu kimi. Kəndli, keşiş, şəhər sakini, zadəgan - kimliyindən bilaixtiyar adi yaşam eşqi ilə yaşayan adamlar barədə.

Belə əhvalatları taundan əvvəl də danışardılar, amma "günah"ları göstərmək və möminlərə görk olsun deyə.

Taundan sonra isə unikal ssenarilər, xarakterlər, situasiyalar yürüşü başlandı.

İnsanın olduğu kimi yaşamına, özünə maraq - bu dönüşü sonralar İntibah, Renessans adlandıracaqdılar.

Tauna qədər İntibah İtaliyanın şimalındakı şəhərlərin fərqli yönü idisə, "Qara ölüm"dən sonra bütün Avropa üçün qaçılmaz düşüncə tərzinə çevrildi.

İş heç də Bokkaçço kimi əntiqlik aşiqlərinin varlığında yox, orta əsrlərin çərçivələrinin elə həmin əsrlərin adamları üçün dar olmasında idi.

Onlar dəyişməyə başladılar.

Bu dəyişikliklər qaçılmaz idi, yoxsa onlara pandemiya səbəb oldu? Təbii, avropalıları dəyişməyə, sadəcə, pandemiya yetməzdi.

Qızıl Ordada, ərəb xilafətində də, Şərqdə də pandemiyalar olsa da, Renessans yaşanmadı. Bəlkə antik dövr olmamışdı, ona görə?

COVİD-19 pandemiyası ilə istənilən müqayisə və paralellər, təbii ki, həddən ziyadə səthi olacaq.

Amma bir məqamı əminliklə demək olar: koronavirus pandemiyası başa çatandan sonra dünya dəyişəcək, başqa olacaq.

Necə olacaq - kimsə anlamır və bilmir...

Elçin Alıoğlu
Milli.Az

Mənbə: news.milli.az