Koronavirus pandemiyası insan hüquqlarını məhdudlaşdırırmı? - Açıqlama

Koronavirus pandemiyası insan hüquqlarını məhdudlaşdırırmı? - Açıqlama

BMT pandemiyanın insan hüquqlarına təsirindən narahatdır. Təşkilatın rəsmiləri bəzi ölkələrdə koronavirus pandemiyasından insan hüquqlarını məhdudlaşdırmaq üçün istifadə edildiyini düşünür.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet bu mövzuda danışıb. O, hökumətləri koronavirusun yayılmasının qarşısını almaq üçün müəyyən məhdudiyyətlər tətbiq edərkən ədalətli və humanist olmağa çağırıb.

“Bəzi ölkələrdəki qeyri-məhdud və fövqəladə vəziyyətdən çox narahatam. Hadisələr əsnasında epidemiya sadə qanunvericiliyin repressiv dəyişikliklərinə haqq qazandırmaq üçün istifadə olunan ünsürdür”, - deyə komissar açıqlamasında qeyd edib.

O, bildirib ki, müxtəlif ölkələrdən olan hüquq müdafiəçilərinin araşdırmalarına görə, tibbi maskaların və digər qorunma vasitələrinin çatışmazlığı barədə məlumat yayan jurnalistlər cəzalandırılıb, həmçinin sosial şəbəkələrdə koronavirus haqqında yazan bəzi sakinlər həbs edilib.

Xatırladaq ki, bundan əvvəl BMT pandemiya fonunda ortaya çıxan başqa bir problemə - gender bərabərsizliyinə diqqət çəkmişdi. Qeyd olunmuşdu ki, qadınların böhran səbəbindən iş yerlərini itirmək riski kişilərdən daha çoxdur.

Aytən Məftun

Mənbə: publika.az