PSİXOLOQ MƏSLƏHƏTİ:  “Qaynar xətt” yaradılsın – KARANTİNİN 18-Cİ GÜNÜ

PSİXOLOQ MƏSLƏHƏTİ:  “Qaynar xətt” yaradılsın – KARANTİNİN 18-Cİ GÜNÜ

Koronavirus pandemiyasının bütün dünyada yayılması insanlıq üçün yaratdığı ən böyük problem psixoloji gərginlikdir. Bu virusun yaratdığı qeyri-müəyyənlik, insanların məcburən evdə qalması çox ciddi fəsadlara yol açır.
 

Artıq dünya alimləri insanların psixikasının koronavirus təhdidi ucbatından alt-üst olduğunu təsdiqləyirlər. Buna görə, pandemiyanın vüsət aldığı bir neçə dövlətdə insanlara tibbi xidmətlərlə bərabər psixoloji yardım da təklif edilir. Çünki bəzən insanlara maddi dəstəkdən daha çox, mənəvi dəstək gərək olur. Karantin dövrü olduğu üçün bu boşluğu yalnız psixoloqlar doldura bilərlər.

Bəs, dünyanın koronavirussuz zamanlarında bu sahədən yaxşı gəlir əldə edən psixoloqlar, böyük psixoloji mərkəzlər niyə gözə dəymirlər? Onlar ödənişsiz işləməkmi istəmirlər, yoxsa bu işi təşkil edən yoxdur?

Modern.az yaranmış vəziyyəti nəzərə alaraq, xüsusi karantin rejiminin 18-ci günündən etibarən psixoloq məsləhətinə start verir. Hər gün müxtəlif psixoloqlar insanların görüşünə gələcək, məsləhətlərini verəcəklər.

İlk həmsöhbətimiz Peşəkar Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Nuriyyə Quliyevadır.

O, ilk olaraq karantin rejiminin tam şəkildə sərtləşdirildiyini və əslində vəziyyətin bu qədər ciddiləşməsinə insanların qadağalardan boyun qaçırmasının səbəb olduğunu qeyd edib:

“Əvvəldən müəyyən xəbərdarlıqlar edilmişdi ki, hər kəs gigyenik qaydalara əməl etməli, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrindən kənara çıxmamalıdır. Vaxtında biz deyilənlərə əməl etsək, bütün tədbirləri alsaq, virusa yoluxma bu qədər çoxalmazdı. Bu zaman xüsusi karantin rejiminin ciddiləşdirilməsinə, sərt qadağaların tətbiq olunmasına da ehtiyac qalmazdı. Bütün bunlar insanların psixologiyasına da təsir edir. Amma diqqət etdinizsə, qaydalar pillə-pillə sərtləşdirildi, anidən qəti keçid olmadı. Düşünürəm ki, bu, insanlarda bir növ psixoloji hazırlıq formalaşmasına kömək etdi.

İlkin mərhələdə, insanlara gigiyena qaydalarına əməl etmək, sıx təmasdan, ünsiyyətdən çəkinmək, evdə qalmaq tövsiyə olundu. Özümüzü və yaxınlarımızı qorumağımız üçün bütün zəruri məlumatlar verildi. Sonradan isə vəziyyət gərginləşdikcə, qadağalar da sərtləşdirildi.

Koronavirusun mənfi enerjisi ilə mübarizə aparmaq üçün ilk növbədə pandemiyanın özündən qorunmalıyıq. Hər gün onlarla insan bu barədə müraciət edir, koronavirusun psixoloji fəsadlarından şikayətlənir. İnsanlara məsləhət görürəm ki, qadağalara tam əməl edərək, gigiyena qaydalarını, prosedurları yerinə yetirərək, özlərinə əminlik yaratsınlar. Məsləhətlərə riayət edərək düşünsünlər ki, əlimdən gələni edirəm, virusdan sığortalanmağım yüksəkdir”.
 

 

N. Quliyeva virtual ünsiyyətin insanların psixologiyasına daha yaxşı təsir edəcəyini düşünür:

“Tez-tez görüşdüyünüz insanlarla, yaxınlarınızla, dostlarınızla videogörüntü vasitəsilə danışın, hal-əhval tutun. Yaxınlarla virtual ünsiyyətdə də pozitiv olmağa, müsbət məqamlardan danışmağa çalışın. Evdə olarkən, əhvalınızı yüksək tutan, sizə zövq verən fəaliyyətlərlə məşğul olun. İdmanla məşğul olmaq, musiqi dinləmək, film izləmək, rəsm çəkmək, kitab oxumaq və s. fəaliyyətlərdən sizə nə xoş təsir edirsə, günlük həyatınıza daxil edin.

Sadəcə bunların hamısını bir gündə etməyə çalışmayın. Bir gün kitab oxumağa, ertəsi gün film izləməyə, daha sonra məsələn, yemək hazırlamağa vaxt ayırın. Hər gün eyni fəaliyyətlə məşğul olmaq sizi yora bilər.

Əsas məsələ, bu vəziyyətin müvəqqəti olduğunu, ötüb, keçəcəyini düşünün, qəbul edin. Təbii ki, heç də aylarla bu vəziyyətdə yaşamayacağıq. Karantinin də bitmə müddəti var. Əgər uzadılarsa, ən pis halda may ayında proses yekunlaşa bilər. Bütün bunları düşünərək, özünüzü rahatladın”.
 

Psixoloq insanların ruh sağlığının onların immun sisteminə müsbət təsirini də istisna etməyib:

“Əgər siz psixoloji cəhətdən çökəcəksinizsə, təbii ki, sağlam orqanizmdın söhbət gedə bilməz. Hətta mənə çox insan yazır ki, həyacanlanıram, təşvişə düşürəm, koronavirusa yoluxmağımdan qorxuram, temperaturumun qalxdığını hiss edirəm və ölçəndə həqiqətən yüksək olduğunu görürəm. Amma biz həmin şəxslərlə danışdıqdan sonra temperatur avtomatik düşür, orqanizmin təşvişi sakitləşir.

Əslində tətbiq olunan qadağalar məcburi olsa da, bizim sağlamlığımız üçün daha vacib addımlardır”.
 

Dünya ölkələrinin bir çoxunda psixoloji xidmətin tətbiq edildiyini vurğulayan N. Quliyeva Azərbaycanda da buna ehtiyac olduğunu əlavə edib:

“Hətta karantinə yerləşdirilən insanların da hər biri ilə psixoloqlar işləyir. Xəstəliyə yoluxan və ya yoluxmayan hər kəsin psixoloji yardıma ehtiyacı var. Çünki sosial şəbəkələrdə çox insan özlərində koronavirusun simptomlarını hiss etdiklərini qeyd edirlər. Halbuki bir qədər dərinə getdikdə, həkim qruplarında həkimlərin suallarını cavablandırdıqda, bunun sadəcə psixoloji fəsadlar olduğunu aşkar edirik.

Ona görə, karantin dönəmindən sonra da psixoloji yardıma ehtiyac olacaq. İndiki dönəmdə onlayn konsultasiyaların aparılması yerinə düşər. Özəl klinikaların bu barədə addım atdığını bilirik. Biz özümüz də onlayın psixoloji xidmət həyata keçiririk. Buna dəstək olaraq, psixoloji gərginliyin azaldılması üçün xüsusi “qaynar xətt”in yaradılması təklif oluna bilər”.

Mənbə: modern.az