Karantin rejiminə məhəl qoymayanlarla nə etməli? - DÜNYA TƏCRÜBƏSİ

Koronavirusa yoluxmuş pasiyentlərin müalicə aldıqları, daha doğrusu onların həyatları uğrunda mübarizə aparıldığı reanimasiya şöbəsində çalışan fransız həkimin dedikləri (onun hər sözünə inanıram): "Əsl fəlakətdir. Dəhşətdir. Belə olacağını ağlıma da gətirə bilməzdim. Düşünürdüm ki, şöbəmizin pasiyentləri, əsasən, qocalar olacaqlar. Amma yaşı 40-dan az olanların sayı artır. Hələ pik nöqtəsinə çatmamışıq, yoluxmaların da sayı artır. İnan ki, çox çətindir, çox. Qoruyucu paltarda, maskada iki saatdan artıq durmaq olmur. Ürək bulanır, baş gicəllənir, ağızda dil quruyur. Ona görə hər iki saatdan bir paltarı dəyişirik. Pasiyentlərimiz arasında ağciyərlərin süni ventilyasiyası aparatına qoşulanlar artır. Pasiyentə narkoz vurandan sonra bu aparata qoşuruq. Adətən iki həftə həmin vəziyyətdə qalır. Nəfəs almasını yüngülləşdirmək üçün qarnı üstə çeviririk. Pasiyentlərin sayı artarsa, virusun öhdəsindən gələ bilməyəcəyik. Yeganə çıxış yolu karantin rejiminə tam riayət etməkdir. Kimisə aldatmağa çalışan, əslində, öz taleyi ilə rus ruleti oynayır..."

ABŞ-da və Avropa ölkələrində özlərinə "sığınacaq" tapmış "müstəqil bloqer"lər isə səs-səs verib buyururlar ki, qoymayın, Azərbaycanda polis rejimidir, diktaturadır və s. Səbəb? Ölkədə karantin rejiminin tətbiq olunması ilə bağlı küçələrdə polislərin olması, vətəndaşların yoxlanması və karantin rejiminin tələblərini kobud şəkildə pozanların cərimələnməsi.

AXCP sədri və bloqer Əli Kərimli də sözügedən rejim elan olunandan bəri isteriyadadır, "Azərbaycanı polis rejimli ölkəyə döndərirlər, insanlar cərimələnir, hüquqları pozulur" deyir.

Və bu şəxslər "misal" kimi başqa ölkələri göstərir, "digər dövlətlərdə hakimiyyət karantin rejimində vətəndaşlarla çox yumşaq davranır" söyləyirlər.

Gerçəkdən belədirmi?

COVİD-19 koronavirus pandemiyasının qarşısını almaq üçün dünya ölkələrinin tam əksəriyyətində karantin rejimi tətbiq olunub. Dövlət qurumları və həkimlər evdə qalmağı, küçəyə yalnız ərzaq almağa, aptekə və ya həkim müayisinə yollanmaq üçün çıxmağı tövsiyə edirlər.

İş yerlərinin tam əksəriyyətində (məsafədən çalışmağın mümkün olmadığı strukturlar istina olmaqla) məsafəli, yəni evdən çalışma rejiminə keçilib.

Karantin rejimini pozanları isə sərt cəzalar gözləyir.

Ölkələr üzrə cəzaların təsnifatına nəzər salaq%

Çin

COVİD-19 koronavirusunun başlandığı Çində infeksiya ilə çox sərt mübarizə rejimi tətbiq olunur. Çin Xalq Respublikasının Cinayət Məcəlləsi ən ağır cəzaları belə istisna etmir. Belə ki, COVİD-19 koronavirusuna yoluxma simptomlarını gizlədən şəxsi edam gözləyir.

Karantin rejimini ilk dəfə pozan 5 min yuan (təqribən 700 dollar) cərimələnir, təkrar pozuntular isə 3 ilədək həbslə cazalanır.

Koronavirusa yoluxduğu təsdiqlənmiş pasiyent müalicədən etiraz edirsə, izolyasiya rejimini pozursa, onu edam gözəyir. Pandemiya zamanı tibb işçisinə ağır xəsarət yetirən və ya tibb personalının müdafiə geyimini xarab edən şəxs də edam olunur.

İtaliya

Avropada ən sərt karantin rejiminin tətbiq olunduğu İtaliyada vətəndaş evdən çıxmaq istəyirsə, xüsusi sənədi doldurmalı, evdən çıxmasının səbəbini göstərməlidir. Bunu etməyəni 3 ayadək həbs və ya 206 avroluq cərimə gözləyir.

Cənubi Koreya

Cənubi Koreyada koronavirusla effektiv mübarizə aparmaq üçün qanunvericiliyə dəyişikliklər olunub. Hospitallaşdırma və ya karantin rejiminin pozulması ya 10 milyon vona qədər (təqribən 8200 dollar) cərimə, ya da 1 ilədək həbslə cəzalandırılır.

Rusiya

Moskvada ciddi səbəb olmadan yaşlarından asılı olmayaraq bütün vətəndaşlara evi tərk etmək yasaqdır. Karantin rejiminin ilk pozulması halı üçün 500 rubl cərimə nəzərdə tutulub. Rusiyanın bəzi bölgələrində fövqəladə hal elan olunarsa, karantin rejiminin pozulmasına görə cərimənin məbləği fiziki şəxslər üçün 40 min rubladək, vəzifəli şəsxslər üçün 150 min rubladək, hüquqi şəxslər üçünsə 500 min rubladək arta bilər.

Təkrar pozuntuya görə 1 milyon rubladək cərimə və ya 90 sutkayadək həbs istisna deyil.

Sinqapur

Sinqapurda karantin rejiminin tələblərini pozan şəxsi 10 min Sinqapur dollarınadək (təqribən 7 min ABŞ dolları) cərimə və ya 6 aylıq həbs gözləyir. İş yerində sosial izolyasiya tədbiri qismində 1 metrlik məsafə saxlamayanlar da eyni cəzaya tuş gələ bilərlər.

Hindistan

Bu ölkədə çox ciddi səbəb olmadan küçəyə çıxan istənilən şəxs "Təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması haqqında" qanunun tələblərinə uuyğun cəzalandırılır. Karantin rejimini pozanı 60 min rupi (təxminən 800 dollar) cərimə, təkrar pozuntuya yol verəni isə 2 ilədək həbs gözləyir. Əksər hallarda polis belə şəxsləri dəyənəklə döyür.

Hindistanda sosial izolyasiyada olmalı adamların hamısının sol əlinə yuyulmayan boya ilə xüsusi işarə vurulur.

Özbəkistan

Özbəkistanda karantin rejimini pozanı 1115000 som, yəni təqribən 117 dollar məbləğində cərimə gözləyir. Müvafiq icazə alandan sonra küçəyə çıxan şəxs mütləq şəkildə başqa adamdan minimum 2 metr aralıda olmalıdır.

Qırğızıstan

Qırğızıstanda karantin rejimini pozan şəxsi 300 min som (təqribən 4 min dollar) məbləğində cərimə, təkrar pozuntuya yol verəni isə 2,5 ildən 5 ilədək həbs gözləyir.

Qazaxıstan

Qazaxıstanda karantin rejimini ilk dəfə pozanı 12805 tenqe (34 dollar) məbləğində cərimə, təkrar pozuntuya yol verənləri isə 600 saatadək ictimai işlər və ya 2 ilədək həbs gözləyir.

 

Fransa

Fransanın İctimai Səhiyyə Məcəlləsinə uyğun olaraq hazırda ölkədə evdən yalnız dükana, aptekə və ya işə getmək üçün çıxmaq olar. Bunun üçün əvvəlcədən DİN-dən icazə alınmalı, evdən çıxmağın səbəbi göstərilməlidir.

DİN-nin saytından onlayn alınan icazə olmasa və ya səbəb ciddi sayılmazsa, ilk halda 200 avro məbləğində cərimə olur. Təkrar pozuntu 30 min avro məbləğində cərimə, bir ay müddətində 4 dəfə olan pozuntu isə 6 ayadək həbslə cəzalandırılır.

İspaniya

Karantin rejiminin pozulmasına görə ilk dəfə 1500 avro, sonrakı iki halda 60 min avroyadək cərimə nəzərdə tutulub. Rejimi üç dəfə pozan şəxsi 1 ilədək həbs gözləyir.

Britaniya

"Dumanlı Albion"da martın 26-dan qüvvədə olan karantin rejimini ilk dəfə pozanı 60 funt-sterlinq, təkrar pozanı isə 960 funt-sterlinq məbləğində cərimə gözləyir.

İsveçrə

Karantin rejimini ilk dəfə pozan 152 İsveçrə frankı (147 dollar), iki həftə ərzində təkrar pozuntuya yol verəni isə 1585 frank cərimə ödəməlidir. Üçüncü pozuntunun cəzası 6 aylıq həbsdir.

Çexiya

Bu ölkədə karantin rejiminin pozulmasına görə cərimə 3 milyonadək çex kronuna (təqribən 130 min dollar) çatır.

Polşa

Karantin rejiminin pozulmasının cəzası 5 min zlotı (1212 dollar) məbləğində cərimə təşkil edir.

Rumıniya

Karantin rejimini pozan 20 min leyə (təqribən 4562 dollar) qədər cərimə ödəməyə hazır olmalıdır.

Xorvatiya

Karantin rejimini ilk dəfə pozan 8 min kun (1150 dollar) cərimələnir. Təkrar pozuntularda məbləğ 120 min kuna (17400 dollar) yüksəlir.

Norveç

Bu ölkədə "Evdə qal" çağırışına əməl etməyənləri 20 min krona (1900 dollar) cərimə və ya 15 günlük həbs gözləyir.

Malta

Maltada karantin rejiminin pozulmasının cəzası 3 min avro məbləğində cərimədir.

İsrail

Karantin rejimini ilk dəfə pozanı 3 min şekel (820 dollar) cərimə, təkrar pozanı 3 ilədək həbs, üçüncü pozuntuya yol verəni 7 ilədək həbs gözləyir.

Birləşmiş Ərəb Əmirlikləri

BƏƏ-də karantin rejiminin pozulmasına görə cərimələr 48 min dirhəmdən (13 min dollar) başlayaraq 100 min dirhəmədək çatır.

ABŞ

Ştatların əksəriyyətində karantin rejiminin pozulmasına görə çox sərt cəzalar nəzərdə tutulub. Məsələn, Vayominq ştatında belə pozuntu 10 min dollaradək cərimə və ya 1 ilədək həbslə cəzalandırılır.

Argentina

Bu ölkədə karantin rejiminin pozulmasına görə cəzalar 100 min Argentina pesosu (1600 dollar) məbləğində cərimədən başlayaraq 15 ilədək həbslə bitir.

Avstriya

İzolyasiya və karantin rejimi qaydalarına əməl etmək istəməyən şəxs 81 min Avstraliya dollarınadək (50 min ABŞ dolları) cərimə ödəməyə və ya 1 ilədək həbsə hazır olmalıdır.

Elçin Alıoğlu
Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Koronavirusa yoluxan 13 aylıq körpə 6 gündən sonra sağalıb

SONRAKI XƏBƏR

3 mindən çox bilet geri alınıb, ödənilən məbləğ sərnişinlərə qaytarılıb - RƏSMİ