AMEA Rəyasət Heyətinin təşkili və hesabat vermə qaydası dəyişib

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin təşkili qaydası dəyişib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsində edilən dəyişiklikdə əksini tapıb.

Nizamnaməyə əsasən, indiyədək Akademiyanın Rəyasət Heyəti Akademiyanın prezidentindən, vitse-prezidentlərindən, akademik-katibindən, elmi bölmələrin akademik-katiblərindən, regional elmi bölmələrin sədrlərindən və Akademiyanın digər həqiqi üzvlərindən ibarət olub.

Dəyişikliyə əsasən, elmi bölmələrin akademik-katibləri Rəyasət Heyətində təmsil olunmayacaq. Birinci vitse-prezidentlər isə Rəyasət Heyətində təmsil olunacaq.

İndiyədək Akademiyanın Rəyasət Heyəti hər dəfə yenidən seçilənədək Akademiyanın ümumi yığıncağına ötən 5 il ərzindəki fəaliyyəti barədə hesabat verib. Dəyişikliyə əsasən, artıq Akademiyanın Rəyasət Heyəti hər dəfə yenidən seçilənədək deyil, seçilərkən hesabat verəcək. 5 il ərzində fəaliyyətə dair tələb də dəyişib. Başqa sözlə, Akademiyanın Rəyasət Heyəti hər dəfə yenidən seçilərkən Akademiyanın ümumi yığıncağına ötən dövr ərzindəki fəaliyyəti barədə hesabat verəcək.

Artıq Akademiyanın vitse-prezidentləri, vitse-prezidentləri kimi akademik-katibi də Akademiyanın ümumi yığıncağında səsvermədə iştirak edən Akademiyanın həqiqi üzvlərinin üçdə iki səs çoxluğu və gizli səsvermə yolu ilə 5 il müddətinə seçiləcək. Akademiyanın vitse-prezidentləri, akademik-katibi və Rəyasət Heyətinin digər üzvləri Akademiya prezidentinin təqdimatı ilə Akademiyanın Rəyasət Heyəti tərəfindən təsdiq edilməsinə dair müddəa isə ləğv olunub.

Akademiyanın akademik-katibi vəzifəsinə görə Akademiyanın vitse-prezidentinə bərabər tutulur və öz fəaliyyətini rəhbərlik etdiyi elmi katiblər vasitəsilə həyata keçirir, Rəyasət Heyəti aparatının tərkibindəki şöbələrin işini əlaqələndirir.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Tramp ABŞ kəşfiyyatının koronavirus iddiasını uydurma adlandırdı

SONRAKI XƏBƏR

ÜST-ün baş direktoru: "Türk Şurası ölkələri liderlərinin birlik çağırışı məni çox ruhlandırdı"