Uşaqları karantindən daha rahat çıxartmaq üçün: “Onları ölümlə qorxutmayın” - PSİXOLOQ

Uşaqları karantindən daha rahat çıxartmaq üçün: “Onları ölümlə qorxutmayın” - PSİXOLOQ

Bütün dünyanı qorxuya salan koronavirus pandemiyası demək olar ki, hər kəsin şüuraltında təsirini buraxıb.

Günlərdir, hər kəs evdədir, karantin müddəti insanların, xüsusilə də uşaqların psixologiyasına necə təsir göstərir?

Mövzu ilə bağlı Cebhe.info-nun suallarını cavablandıran psixoloq Gülnar Orucova bildirib ki, uşaqlara hər hansı bir xəstəliyi dəhşətli şəkildə çatdırmaq onlarda şüuraltı ölüm fobiyası yaradır:

“Hər hansı bir xəstəliyi böyüklərə başa salmaq daha çətindir, nəinki balacalara. Uşaqlar izlədikləri cizgi filmlərdən demək olar ki, bu barədə məlumatlanırlar. Valideyinlər bəzən onları qorxudacaq şəkildə fikirlər səsləndirirlər. “Sən virusa tutularsan, sən ölə bilərsən” və s. kimi sözlərlə uşaqlarda qorxu yaradırlar. Hamımız bilirik ki, bu virus bir müddət sonra aradan qalxacaq, amma uşaqların şüuraltına yeridilən qorxu daim onlarla olacaq. Qorxu fobiyası formalaşacaq. Bundansa, uşaqlara bu cür virusdan qorunmaları üçün oyunlarla təbliğat aparmalıyıq. Məsələn, əllərimizi yuyarkan, “Bax, mən əllərimi belə yuyuram , əllərimizi yuyandan sonra yemək yeyəcəyik. Biz təmizliyə riayət etməsək, qrip olarıq. Qrip olanda isə qulağımız ağrıyar” və .s kimi sözlərlə onun yaşadığı bir şeyi xatırlatmalıyıq. Onlara yaşamadıqları bir hadisəni daha da qorxunc şəkildə başa salmaq olmaz”.

G.Orucovanın sözlərinə görə, uşaqları qorxutmaq onların dərslərinə də təsirsiz ötüşməyəcək:

“Bəzi valideyinlər uşaqların yanında dövlət tərəfindən karantin müddətinin uzadılmadığı halda onlara artıq sentyabrda məktəbə gedəcəklərini deyərək uşaqları həvəsdən salırlar, ancaq bu düzgün hal deyil. Çalışmalıylq ki, uşaqlar onlayn dərslərə qatılsın və təhsillərinə maraqla davam etsinlər ki, onların bilik səviyyəsi aşağı düşməsin. Valideyn uşaqlara karantin müddətinin müvəqqəti olduğunu başa salsa , düzgün təbliğat aparsa, onlarda heç bir psixoloji travma yaranmayacaq. Əgər təbliğat düzgün olmasa, dediyim kimi uşağın şüuraltında ölüm qorxusu yaranacaq”.

Fəxriyyə
Cebhe.info

 

 

Mənbə: cebhe.info