BDU-nun müəllimlərindən imkansızlara yardım: “Tibbi ləvazimatlar və sovqat...”

BDU-nun müəllimlərindən imkansızlara yardım: “Tibbi ləvazimatlar və sovqat...”

“Bakı Dövlət Universitetinin müəllimləri də Azərbaycanda tənha, kimsəsiz, xüsusən yaşlı adamlara əl tutulması, yardım edilməsi kampaniyasından geri qalmır”.

Bu barədə “Sherg.az”a Bakı Dövlət Universitetinin müəllimi, tarixçi-alim Boran Əzizli məlumat verib.

BDU-nun müəllimi deyib ki, əgər bugün hamı həmrəylik, birlik nümayiş etdirirsə, belə bir vaxtda ziyalı təbəqəsi də bu prosesdən kənar qalmamalıdır:

“Həmişə olduğu kimi BDU-nun müəllimləri bu dəfə də imkanları daxilində qonşularını, ətrafdakı ehtiyac sahiblərini diqqət mərkəzində saxlayırlar. Dünən Universitetin müəllimləri Rafiq Tağıyev, Namiq Dərvişov, Oktay və Nemət müəllimlər, o cümlədən mən zəruri ərzaq dolu 15 bağlama düzəldərək, ətrafda yaşayan ehtiyac sahiblərinə paylamışıq. Qərara gəlmişik ki, bu işi davamlı görək və qonşu binanın sakinlərinə də bu cür sovqatlar göndərək”.

B.Əzizli vurğulayıb ki, bağlamaların içində yağdan tutmuş müxtəlif dezinfeksiyaedici məmulatlara qədər xeyli məhsul var:

“Onu da nəzərə çatdırım ki, Universitetin müəllimləri bu yardımları öz məhdud əməkhaqqları və təqaüdləri ilə həyata keçirirlər. Biz digər ziyalıları və BDU-nun digər müəllimlərini də bu aksiyaya sürətlə qoşulmağa və bu istiqamətdə ölkədə gedən proseslərə dəstək olmağa səsləyirik”.

Mənbə: sherg.az