İnsan törətdiyi cinayətin cəzasını azadlıqdan məhrum olunmaqla çəkir. Bəzi cinayətlər qəsdən, yəni bilərəkdən törədilir, bəziləri isə təsadüf nəticəsində baş verir. Cinayətin tərkibində bütün bunlar nəzərə alınaraq cinayəti törədən şəxs müəyyən müddət və ya ömürlük azadlıqdan məhrum edilir.
Ömürlük həbs cəzası alanların da müəyyən ildən sonra bəraət alması, əfv olunması istisna edilmir. Yəni hər bir məhbusun azadlığına qovuşmaq şansı var.
Lakin bəzi məhbuslar cəzalarını çəkib, azad həyata qayıtdıqdan sonra cəmiyyətə uyğunlaşmaqda çətinlik çəkirlər. Ən böyük problemləri isə iş tapmaqdır. Bəziləri şəxsin bir dəfə cinayət törətməsini davamlı cinayət törədə biləcəyi kimi anlayır. Bu səbəbdən keçmiş məhbusların iş üçün döydükləri qapı həmişə üzlərinə açılmır.
Bəs ölkəmizdə məhbusların işlə təminatı hansı yerdədir? Ötən il nə qədər keçmiş məhbus işlə təmin olunub?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, cəzaçəkmə yerlərindən azad olunan şəxslərin məşğulluğunun təmin olunması daim diqqət mərkəzində saxlanılır.
Bildirilib ki, “Məşğulluq haqqında” Qanuna əsasən digər bir sıra kateqoriyalardan olan şəxslərlə yanaşı, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər də sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar sırasına aid edilir. Onlar üçün kovotra əsasında iş yerləri ayrılır və işlə təmin olunmalarına kömək göstərilir.
Məlumatda qeyd olunub ki, ötən il ərzində cəzaçəkmə yerlərindən azad edilmiş 741 şəxs işlə təmin edilib:
“Bununla yanaşı, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin özünüməşğulluq proqramında iştirakına da şərait yaradılır. Ötən il ərzində bu kateqoriyadan olan 307 nəfər proqrama cəlb edilib. Verilmiş aktivlər hesabına onlar kiçik ailə təsərrüfatlarını qurublar. Bu il də həmin sahədə işlər davam edir, proqrama cəlb edilənlərin bir qismi də Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərdir.
Eyni zamanda, həmin şəxslər əmək bazarının aktual istiqamətləri üzrə peşə hazırlığı kurslarına da cəlb edilirlər. Kursu müvəfəqiyyətlə bitirənlərin işlə təmin olunmasına dəstək göstərilir. Ötən il Agentlik tərəfindən 39 nəfərin peşə hazırlığına cəlb edilməsi təmin edilib”.
Günay Şahmar
Mənbə: bizim.media