Xəbər verdiyimiz kimi, tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 9-u keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 20 nəfər 300 bal toplayaraq ən yüksək nəticəni göstərib. Onlardan 10-u qız, 10-u isə oğlandır.
“Qafqazinfo” maksimum nəticə göstərmiş abituriyentlərin “Modern”ə verdikləri açıqlamanı təqdim edir:
300 bal toplayanlardan biri Naxçıvan məktəblisi Heydərov İbrahim Xəyal oğludur. O, Naxçıvan MR Şahbuz rayonu, Badamlı qəsəbə orta məktəbin şagirdidir.
Məktəbli ümumilikdə 700 bal toplamağı hədəflədiyini bildirib: “Bu nəticəyə nail olmaq üçün çox çalışmışdım. İstəyərdim ki, maliyyə, yaxud iqtisadiyyat ixtisası üzrə təhsil alım. Öz əməyimin bəhrəsini bu nəticə ilə gördüm. Blok imtahanına da ciddi hazırlaşaraq 700, yaxud 680-dən yüksək nəticə əldə etmək istəyirəm.
300 bal toplayanlardan biri Bağırova Aişə Faiq qızıdır. O, Bakı şəhəri, 89 saylı orta məktəbin XI sinif şagirdidir.
Aişə blok imtahanında da maksimum nəticəni hədəfləyib: “Bu balı gözləyirdim, müəllimlərimin və valideynlərimin dəstəyi nəticəsində nəticəni hədəfləyirdim. Abituriyentlərə məsləhətim ondan ibarətdir ki, əmək çəkən hər insan bunun qarşılığını görür, öz motivasiyalarını itirməsinlər. Məqsədim blok imtahanında da 400 bal toplayaraq rekord nəticə göstərməkdir. Bunun üçün də var gücümlə çalışıram. IV ixtisas qrupu üzrə tibb təhsili almaq istəyirəm”.
300 bal toplayanlardan biri Naxçıvan məktəblisi İsmayılova Səma Firəddin qızıdır. O, Naxçıvan şəhəri 11 saylı tam orta məktəbin şagirdidir.
Məktəbli bildirib ki, II ixtisas qrupu üzrə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil almaq istəyir: “Təhsilimi maliyyə, yaxud biznesin idarəedilməsi üzrə davam etdirmək istəyirəm. 700 bal toplamaq uğrunda çalışıram. Abituriyentlərə tövsiyə edirəm ki, çox yox, düzgün çalışsınlar. Bu şəkildə imtahana hazırlaşmaq daha asan olur”.
300 bal toplayanlardan biri də Rəhimova Xədicə Toğrul qızıdır. O, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon İlxıçı kənd tam orta məktəbinin XI sinif şagirdidir. Xədicə 9 mart tarixində keçirilmiş buraxılış imtahan nəticəsinə əsasən, maksimum nəticə göstərərək 300 bal toplayıb.
Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunub. Bu mərhələdə fənlərin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır.
Mənbə: qafqazinfo.az