Hazırda ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova “VMR estetik klinikası”nın keçmiş kosmetoloqu Gülsüm Əliyeva barədə yeni faktlar yayıb. O bildirib ki, bir qədər əvvəl ölümə səbəb olması ilə gündəmə gələn G.Əliyeva guya Türkiyənin Diyarbakır vilayətindəki Dicle Universitetini bitirdiyini iddia edib. Lakin jurnalist həmin universitetə rəsmi sorğu göndərib və “Bizdə bu adda tələbə olmayıb!” cavabını alıb.
Xatırlayırsınızsa, ötən ilin sonlarında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Səhiyyə Nazirliyində əməliyyat keçirildi. Nəticədə 6 nəfər vəzifəli şəxs saxlanıldı. Əməliyyat ölkədə geniş rezonans doğuran saxta plastik cərrahlarla bağlı məsələ ilə əlaqədar idi. Plastik cərrahlara saxta sertifikatların verilməsi ilə bağlı məsələdə Səhiyyə Nazirliyinin yüksək vəzifəli məmurlarının – nazir müavini İlqar Qasımov və İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovanın adı hallanırdı. Nəticə oldumu? Xeyr… Köhnə hamam, köhnə tas.
Media saxta diplomlu “qəssablar” barədə araşdırmalar edir, açıqlamalar alır. Jurnalistlər həkim, hüquqşünas və sair danışırdırır. Amma nə fayda? Kim cəzalandırılır? Tibb müəssisələrinə diplomsuz həkimin, kosmetoloqun işə götürülməsinin məsuliyyəti nazirliyin üzərinə düşür!
Amma sorğu göndərəndə qurum klinikanın üzərinə atır! Klinika da deyir ki, nazirlik icazə verməsə həmin şəxs çalışa bilməz. Yaxşı, sən vurmadın, mən yıxılmadım. Bunlar necə peyda oldular? Belə çıxır ki, sabah istənilən adam nəyinsə və ya kiminsə hesabına klinikalarda “həkim” kimi fəaliyyət göstərə bilər?! Bu nə biabırçılıqdır? Sorğu ünvanlayırıq ki, ay qardaşlar, ay bacılar, filan klinikada yoxlama aparılıbmı ki, hansı həkimin diplomu var, hansının yoxdur? Deyirlər ki, biz hər dəfə yoxlama apara bilmərik, gərək, şikayət daxil olsun. Guya şikayətə operativ reaksiya verilir axı…
Niyə özümüzün, doğmalarımızın, yaxınlarımızın sağlamlığını həvalə etdiyimiz istər özəl, istərsə də dövlət xəstəxanalarında ildə ən azı iki dəfə yoxlama aparılmır? Onsuz da bir balaca pulu olan vətəndaşlarımız müayinə və müalicə üçün qonşu ölkələrə üz tuturlar. İşin ağlamalı tərəfi də odur ki, bəzi deputatlarımız, məmurlarımız da Almaniya, Türkiyə səhiyyəsinə müraciət edirlər. Bir ölkənin tanınmış siması öz vətənində həkimlərə güvənmirsə, deməli, vəziyyət doğrudan da yaxşı deyil.
Necə deyərlər, balıq başdan iylənər. Fikrimcə, nazir də daxil olmaqla nazirlikdə hər kəsin fəaliyyəti araşdırılmalıdır. İslahatlar aparılmasa, can üstündə olan səhiyyəmiz tez bir zamanda canını tapşırmalı olacaq.
Zaira Akifqızı
Mənbə: globalinfo.az