“Digital Youth Hub –20” layihəsinə start verildi!

“Digital Youth Hub –20” layihəsinə start verildi!

2019-cu ildə gənclərin rəqəmsal marketinq sahəsində maraqlarını əks etdirən “Digital Youth Hub” layihəsinə bu il IT sahəsində start verildi. SİA-nın məlumatına görə, “Digital Youth Hub-2019” layihəsi gənclərin rəqəmsal marketinq üzrə bilik və bacarıqlara yiyələnməsi üçün nəzərdə tutulmuş proqramı idi. Layihə 2019-cu ilin oktyabr-dekabr aylarını əhatə etmiş, layihə iştirakçılarının bəziləri bu sahə üzrə işlə təmin olunmuşdur.

Yarandığı gündən gənclərin sosial və fərdi inkişaf, karyera platforması olan Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı və IT sahəsində böyük təcrübəyə sahib olub, bir çox iri layihələrin texnoloji işlərini həyata keçirən Kibrit şirkətinin tərəfdaşlığı ilə layihə 3 ay davam edəcək. Layihə ərzində iştirakçılara IT sahəsi ilə bağlı peşəkarlar tərəfindən təlimlər keçirilərək onların bu sahə üzrə özəl və dövlət sektorunun tələblərinə uyğun şəkildə yetişdirilməsi nəzərdə tutulub. Təlimləri uğurla başa vuran namizədlər ölkənin aparıcı dövlət və biznes qurumlarında təcrübə keçmək imkanı əldə edəcəklər.

Layihədə iştirak üçün 200-dən artıq müraciət daxil olmuş və onlar arasından 80 potensiallı gənc seçilərək müsahibənin ilkin mərhələsinə dəvət olunmuşdur. Nəticədə müraciətlər arasından seçilən 48 nəfər gənc üç ay ərzində nəzəri və praktiki cəhətdən “Junior Java Developer” sahəsinin bütün sirlərinə yiyələnəcəklər.

Prpqramın nəzəri hissəsində öz sahəsinin peşəkarı olan təlimçilər tərəfindən 20 təlim keçiriləcək və “Operating systems”, “Proqramlaşdırmaya giriş və alqoritmlər”, “Data structure”, “Databases”, “Java Basics”, “OOP”, “Design Patterns and Solid”, “Java fundamentals”, və s. mövzuları əhatə edəcək. Daha sonra isə iştirakçılar dövlət və özəl qurumlarda iki həftə təcrübə prosesində iştirak edərək əldə etmiş olduqları nəzəri bilikləri real iş mühitində görəcək və prosesin birbaşa iştirakçısına çevriləcəklər.

Qeyd edək ki, layihənin açılışı onlayn formada iştirakçılar və təlimçilərin tanışlığı, layihənin təqdimatı və müzakirələrin fonunda baş tutmuşdur. Layihə karantin müddəti bitənə qədər onlayn formada davam edəcək.

Mənbə: sia.az