"İnsanlar "Fast food" məkanlarına hücum etməməlidirlər" DİETOLOQ RƏYİ

"İnsanlar "Fast food" məkanlarına hücum etməməlidirlər"  DİETOLOQ RƏYİ

"İnsanların iş rejimləri dəyişildi, vərdişləri dəyişildi, həyat tərzləri dəyişildi və bu onlara çox böyük stres yaşatdı". Bu sözləri SİA-ya açıqlamasında dietoloq Gülşən Rzayeva sərt karantin rejimindən yumşalma dövrünə keçidlə bağlı insanların gündəlik rejimlərinə necə qayıtmaları və sağlam həyat tərzini necə bərpa etməli olduqlarından danışarkən deyib.

Onun sözlərinə görə, hazırda, kafe və restoranların, həmçinin, "fast food" məkanlarının açılması insanların sağlam qidalanmasına təsir etməməlidir: "Karantin rejimi insanların həyat tərzinə bir sıra dəyişikliklər və yeniliklər gətirdi. Bunun hər birimiz şahidi olduq. Bu yeniliklər bir çoxları üçün sözün həqiqi mənasında stres faktoru idi. İş rejimlərinin dəyişilməsi, vərdişlərinin dəyişilməsi, həyat tərzlərinin dəyişilməsi insanlara çox böyük stres yaşatdı. Karantin rejimində düzgün qidalanma ilə bağlı həkimlər və mütəxəssislər tərəfindən bir çox məsləhətlər verildi, lakin insanların bu stresi yeməklə ötüşdürdüyünün daha çox şahidi olduq. Daha çox pasientlərimin arasında, tanışlarımın arasında evdə olduqları müddətcə daha çox yeməyə üstünlük verdiklərini və hər dəqiqə asudə vaxtlarını artıq soyuducuların qarşısında keçirdiklərini qeyd etdilər. Bildiyimiz kimi sağlamlığımız qidalanmağımız ilə birbaşa əlaqəlidir. Sağlam qidalanan insanın immuniteti hər zaman daha güclü və xəstəliklərlə mübarizəyə daha hazır vəziyyətdə olur. Ona görə də orqanizmi koronavirusdan qorumaq eyni zamanda digər infeksiyalardan qorumaq üçün biz əsasən immunitetimizi qorumalıyıq".

Dietoloq vurğulayıb ki, immunitetimizi möhkəmləndirməliyik və bu heç də bir gündə ola biləcək bir şey deyil: "Çünki, immunitet bir gündə qazanılmır. O daimi şəkildə, insan doğulduğu gündən etibarən uzun müddətdə qidalanması ilə, düzgün həyat tərzi ilə, düzgün yuxu rejimi ilə qazanılır. Hazırda karantin rejimi yumşaldılıb. Kafelər, restoranlar, "fast food" məkanları fəaliyyətə başlayacaq. Mən çox istərdim ki, insanılar bu yumşalmanı "fast food" bayramı olaraq qeyd etməsinlər. "Fast food" məkanlarını hücum etməsinlər. Həyatın, yaşamağın, sağlamlığın bizlər üçün necə dəyərli olduğunu əslində COVID-19 bizə bir daha sübut etdi".

Gülşən Rzayeva qeyd edib ki, Əhalimizə daha çox təmiz havada gəzməyi, günəşlənməyi, "D" vitamini qəbul etməyi məsləhət görür, çünki ultrabənövşəyi şüalar orqanizmdə seratoninin sintezini artırır: "Seratonin bildiyimiz kimi xoşbəxtlik hormonudur. Bizi xoşbəxt edən hormondur. Eyni zamanda "D" vitamini orqanizmdə virus və infeksiyaları məhv edən antimikrob, anticismlər və proteynlərin sintezini artırır. Üzü yaya doğru gedirik və yaz-yay aylarında günəş şüalarından istifadə etmək məsləhət görülür. Yuxu rejimlərinə diqqət etməliyik. Bunu xüsusu məsləhət görürəm. Sağlam olsun, özünüzü qoruyun, immunitetinizi möhkəm saxlayın və qidalanmanıza diqqət edin".

Mənbə: sia.az