Azərbaycanda hər 3 nəfərdən 2-si - Gəlirlərinin Azalacağından Narahatdır

Azərbaycanda hər 3 nəfərdən 2-si - Gəlirlərinin Azalacağından Narahatdır

Azərbaycanda koronavirus və onun gətirdiyi çətinliklər səbəbindən işini və gəlirlərini itirməkdən narahat olanların sayı məlum olub.

FED.ax xəbər verir ki, bu məlumat araşdırma şirkəti olan «Business Insight» “Karantin günləri” araşdırmasında öz əksini tapıb.

1600 nəfər arasında aparılan araşdırmada rəyi soruşulanların əksəriyyəti – 63%-i koronavirus səbəbindən işini itirəcəyini düşünmür. Onlardan 60%-i işini itirməkdən «heç narahat deyil», 2,9% isə «sox az narahatdır». Rəyi soruşulanların 37%-i koronavirus səbəbindən iş yerlərini itirəcəklərindən narahatdır. Onlardan 11%-nin narahatlığı azdır, təqribən 27% isə işini itirəcəyindən çox narahatdır.

Araşdırmanın diqqət çəkən tərəfi odur ki, qadınlar işini itirməyəcəklərinən daha çox arxayındırlar. Rəyi soruşulan qadınların yalnız 24%-i işini itirə biləcəyini güman edir, 76% isə problem olmayacağından arxayındır.

Kişilərdə isə işini itirməkdən narahat olanların sayı 43%-ə çatır.

Təqribən eyni vəziyyət yaşlılarla cavanlar arasında yaranıb. Gənclər (yaşı 35-dən aşağı olanlar) işlərini itirməkdən daha çox narahatdırlar – təqribən 42%.

Nisbətən yaşlıların isə yalnız 35%-i bunu real sayır. Belələrinin 66%-i iş yerindən narahat deyil

İşini itirmək ehtimalı ilə bağlı Bakı və regiondakıların narahatlığı eyni səviyyədədir.

İşini itirməkdən fərqli olaraq əhali koronavirusa görə gəlirlərinin azalacağından daha çox narahatdır.

Koronovirus səbəbindən ailə və şəxsi gəlirlərinin azalmasından çox narahat olanlar 66,4% təşkil edib. Bunlardan 45%-i gəlirlərin azalacağından çox, 21% isə bir az narahatdır.

Rəyi soruşulanların 33%-i isə gəlirlərinin azalmayacağından arxayındır.

Bu sorğuda ayrı-ayrı qruplar - gənclər/yaşlılar, qadın/kişi, Bakı/regionlar – arasında fərq o qədər də böyük deyil.

Bütün qruplar arasında heç narahat olmayanların payı 30%-i keçmir. Gəlirlərin azalacağından çox narahat olanlar isə 41%-dən aşağı düşmür. «Bir az» və «çox» narahat olanların birgə payı isə 63-69% arasında dəyişir.

Kişilərin və regionda yaşayanlar gəlirlərinin azalacağından daha çox narahatdırlar – 68-69%.

Qeyd edək ki, sorğuda iştirak edənlərin 50,3% kişilər, 49,7%-ni qadınlar təşkil edib. Respondentlərin orta yaş həddi 42-dir. Ümumilikdə 1600 təsadüfi seçilmiş sorğu iştirakçıları Bakı və 7 regionu əhatə edib.

 

Mənbə: fed.az