Qırğızıstanın “Piramida” dövlət televiziya kanalında Azərbaycana həsr olunan veriliş yayımlanıb

Qırğızıstanın “Piramida” dövlət televiziya kanalında Azərbaycana həsr olunan veriliş yayımlanıb

Bişkek, 23 may, AZƏRTAC

Qırğızıstanın “Piramida” dövlət televiziya kanalının “Dostluq körpüsü” proqramında Azərbaycana həsr olunan rus dilində veriliş yayımlanıb.

AZƏRTAC xəbər verir ki, verilişin müəllifləri və aparıcıları Bişkekdə yaşayan soydaşlarımız Hökümə Xəlilova və Ramiz Məşədihəsənlidir.

Proqramda ötən ilin oktyabrında Bakıda Türk Şurasının Zirvə görüşü, bu tədbirdə qəbul olunan sənədlər, Azərbaycan və Qırğızıstan prezidentləri İlham Əliyevlə Sooronbay Jeenbekovun ikitərəfli görüşü, əlaqələrimizin inkişafı və genişləndirilməsinə dair şərh verilib.

Verilişdə, eyni zamanda, bu ilin yanvarında Bişkekdə Prezident Sooronbay Jeenbekovun iştirakı ilə Azərbaycan-Qırğızıstan Dostluq parkının təməlqoyma mərasimi haqqında videomaterial, Qırğızıstandakı “Azəri” İctimai Birliyinin sədri, Əməkdar hüquqşünas Əzizağa Əliyevin ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri ilə bağlı müsahibəsi, Azərbaycan-Qırğızıstan iqtisadi əlaqələrinə dair material da yayımlanıb.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

Mənbə: azertag.az