Təhsil haqqının ödənilməsi üçün 7 minə yaxın tələbə qeydiyyatdan keçib

Təhsil haqqının ödənilməsi üçün 7 minə yaxın tələbə qeydiyyatdan keçib

Bakı. İlhamə İsabalayeva – Trend:

Təhsil haqqı xərclərinin ödənilməsi üçün artıq həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan 7 minə yaxın tələbə qeydiyyatdan keçib.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, mayın 21-dən sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi sistemi - http://e-telebe.edu.az portalı istifadəyə verilib:

"Artıq 7 minə yaxın tələbə qeydiyyatdan keçib. Onların bəzilərinin sistemə daxil etdikləri məlumatlar tamamlanmayıb. Bizim ilkin hesablamalarımız onu göstərir ki, təxminən 20 minə yaxın tələbə bu fürsətdən istifadə etmək imkanına malik olacaq. Bunun üçün hökumət tərəfindən 40 milyon manat vəsait ayrılıb".

 

Xatırladaq ki, bu il martın 19-da ölkə başçısı İlham Əliyev tərəfindən imzalanmış "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" sərəncamın icrası məqsədilə Nazirlər Kabineti tərəfindən tədbirlər planı təsdiq edilib.

Tədbirlər planına əsasən, bir sıra istiqamətlərlə yanaşı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi üçün 40 milyon AZN məbləğində kompensasiya nəzərdə tutulub, bu istiqamət üzrə icraçı qurumlar Təhsil və Maliyyə Nazirlikləri, icra müddəti isə 2020-ci il müəyyən edilib.

Mənbə: az.trend.az