"Biz birlikdə ekologiya sahəsində böyük işlər görürük"

"Biz birlikdə ekologiya sahəsində böyük işlər görürük"

Mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) işçilərinin peşə bayramıdır.

Unikal.org xəbər verir ki, ekologiya sahəsindəki səmərəli fəaliyyətlərinə görə təltif olunan alim, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev ekoloji məsələlərdən söz açıb:

“Azərbaycanda çox ciddi ekoloji layihələr icra olunub və bu hazırda da davam etdirilməkdədir. Bu gün bu layihələrin icrasında ekoloqlarımızın üzərinə çox böyük yük və məhsuliyyət düşür. İnsanlarımız da ekoloqlarımıza bu işlərdə dəstək verməlidirlər. Çünki görülən hər bir iş xalqımız üçündür.

Bir zamanlar Abşeron yarımadasının ekoloji vəziyəti kifayət qədər gərginliyə məruz qalmışdı. Bu ərazilərdəki neft hasilatı neft tullantılarılə əhatə olunmuş 22 dən çox gölün əmələ gəlməsi ilə nəticələnmişdi.

Bu gün o əraziləri münbit hala gətirmək üçün ekoloqlarımız tərəfindən çox böyük işlər görülüb və layihələr davam etdirilir.

Qeyd etmək istərdim ki, ötən illər ərzində Hava Limanı ərazisində bizim metodiki köməkliyimizlə də bir sıra göllər tamamilə qurudulmuş, əkinə yararlı, yaşıllığa uyğun torpaqlarla əvəzlənmişdir.

Hazırda ölkə Prezidentinin Sərəncamına əsasən “Suraxanı rayonunda keçmiş Yod-brom zavodunun lay suları ilə çirklənmiş ərazisinin ekoloji vəziyyətinin sağlamlaşdırılması və landşaftın bərpası” layihəsi uğurla icra edilir. Müxtəlif tullantılarla çirklənmiş ərazi bizim də tövsiyələrimizlə təmizlənir.
Bu gün sözügedən ərazinin böyük bir hissəsi yaşıllıqlar mərkəzinə çevrilib.

Biz də ölkədə ekoloji vəziyyətə böyük diqqətin olmasından istifadə edərək bir sıra ciddi layihələrin icrası üzərində elmi yanaşmalarımızı davam etdiririk. Hazırda Nefçala və Salyan rayonları ərazisində şoran ərazilərin müəyyən edilib təmizlənməsi, istifadəyə qaytarılması layihəsi üzərində çalışırıq.

Mütəmadi olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ekoloji layihələri müzakirə edir, nöqsanların və problemlərin birlikdə həlli yollarını axtarırıq.

Ekoloqları təbrik edirəm. Bir ekoloq alim kimi hesab edirəm ki, onlar müasir elmin tələblərinə uyğun öz işlərini qurur, bu yolda bilik və bacarıqlarını əsirgəmirlər”.

Mənbə: www.unikal.org