Rusiya sərhədində qalan vətəndaşlar rəsmi Bakıdan mərhəmət gözləyir

Rusiya sərhədində qalan vətəndaşlar rəsmi Bakıdan mərhəmət gözləyir

Bütün dünyada yayılan koronavirus infeksiyası insanları planlarını dəyişərək ölkələrinə qayıtmağa məcbur edib. Artıq uzun müddətdir Rusiya-Azərbaycan sərhədini keçib, öz vətəninə qayıtmaq istəyən azərbaycanlılar çətin vəziyyətdə qalıb.

Aprelin 5-dən sərhədlər tamamilə qapadılıb.

Azərbaycan hökumətinin vətəninə qayıdanlar üçün xüsusi sayt yaratmasına baxmayaraq burda qeydiyyatdan keçən insanar hələ də öz ölkələrinə qayıda bilmir.

Azərbaycan- Rusiya sərhəddində qalan Gündüz Qasımov adlı vətəndaşımız anews.az-a müsahibəsində bildirib ki, artıq 40 gündür sərhəddə qalıblar. Onlarla heç bir rəsmi qurum maraqlanmır. "Yalnız bir neçə dəfə Dağıstan rəsmiləri səs saldıqları üçün onları təhdid edib. Rəsmilərdən başqa Dağıstanda yaşayan Azərbaycan vətəndaşları mümkün olduğu qədər bizə yardım edib maraqlanırlar. "Evəgedirəm” portalından aprelin 18-i qeydiyyatdan keçməyimizə baxmayaraq hələ də müraciətimiz barədə bir cavab ala bilməmişik", deyə Qasımov bildirib.
Gündüz Qasımov onu da qeyd etdi ki, Rusiya – Azərbaycan sərhədində 1 minə yaxın Azərbaycan vətəndaşı qalıb. İnsanlar burda qarajlarda, küçələrdə, moykalarda, ağacların dibində, TIR maşınlarının altında gecələyir. Yemək məsələsinə gəldikdə isə kim nə tapır onu yeyir. Artıq insanaların pulu da bitib. Ən qısa zamanda bu məsələ həllini tapmasa burda qalan insanlar oğurluq etməyə başlayacaq, – deyə o, bildirib.

Şikayətçi onu da əlavə etdi ki, mayın 19-da Azərbaycana 120 nəfər qadın və uşaq keçiriblər. Amma hələ də burada uşaqlı qadınlar qalır. Onlara təklif olundu ki, həyat yoldaşları qalmaq şərti ilə keçə bilərlər. Həmin qadınlar da həyat yoldaşını burda tək qoymaq istəmədiyi üçün sərhədi keçməkdən imtina etdi.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva anews.az-ın sorğusuna cavab olaraq bildirib ki, Rusiya Azərbaycan sərhəddindən quru yolla 120 nəfər vətəndaş ölkəyə geri qaytarılıb. Vətəndaşlarımızın geri qaytarılması ilə əlaqədar o cümlədən, "Evəgedirəm” portalı da daxil olmaqla Rusiya və Azərbaycan tərəfinin aidiyyatı qurumların qarşılıqlı əlaqələndirilməsi çərçivəsində müvafiq tədbirlər görülür. Xüsüsi qrafiq müəyyənləşdirilib. Həmin qrafikə uyğun olaraq vətəndaşların geri qaytarılması həyata keçirilir. İlk öncə isə yaşlılar, xəstələr, sağlamlığında problemi olanlar, azyaşlı uşaqların sərhəddən keçirilməsinə köməklik edilir. Amma ümumillikdə isə bu istiqamətdə tədbirlər davam etdirilir.
Bir müddət qabaq Azərbaycan prezidentinin Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev, karantin yerlərinin məhdud olması səbəbindən Dağıstanla sərhəddə toplaşan vətəndaşların hamısının ölkəyə gətirilməsində çətinlik yarandığını bildirmişdi. Odur ki, TƏBİB İdarə Heyətinin rəhbəri Ramin Bayramlıdan hazırda karantin məntəqələrində neçə boş yerin olduğunu soruşsaq da TƏBİB rəsmisi rəqəm səsləndirmədi.
Xatırladaq ki, Azərbaycanda aprelin 5-dən tətbiq olunan xüsusi karantin rejiminin müddəti birinci dəfə aprelin 20-dən mayın 4-nə qədər, ikinci dəfə isə mayın 31-nə qədər uzadıldığına görə Rusiyadakı soydaşlarımız sərhədin o biri tərəfində qalmalı olublar. Gülnar Nazimqızı


www.anews.az

Mənbə: anews.az