Boğazı kəsilərək öldürülən qadının uşaqları sığınacağa götürülə bilər? - AÇIQLAMA

Boğazı kəsilərək öldürülən qadının uşaqları sığınacağa götürülə bilər? - AÇIQLAMA

“Ötən gün liftdə başı kəsilərək qətlə yetirilən qadının övladlarının psixoloji durumu ilə bağlı danışıqlar aparırıq”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, mövzud vəziyyətlə bağlı həmin ailənin iki azyaşlı övladının psixoloji vəziyyətini düşünmək lazımdır:

“Daha bir qadın zorakılığın qurbanı olub. Ötən gün 40 yaşında bir qadın 48 bıçaq zərbəsi ilə qətlə yetirilib. Həmin qadının geridə yeddi və 10 yaşlı iki övladı qalıb. Mən o uşaqların psixoloji vəziyyətlərinə görə narahatam. Ailə üzvləri sosial şəbəkə üzərindən mənimlə əlaqə saxlayıblar.

Hazırda onlarla bu məsələni müzakirə edirik. Əgər razılıq əldə olunarsa, cinayətin fəsadlarından təsirlənməmələri və mümkün qədər bu situasiyadan kənarda qalmaları üçün onları sığınacağa götürməyi düşünürük. Bu uşaqların psixoloji durumlarının qorunması vacib məsələdir”.

K.Ağazadə onu da əlavə edib ki, ailə yaxınlarının sözlərinə görə, bu hadisədə namus söhbəti olmayıb:

“Mənimlə əlaqə saxlayan qohumların sözlərinə görə, həmin oğlanın iki aydan çox psixoloji problemləri olub. Bəlkə də onlar bu vəziyyətin ciddi olduğunu düşünməyiblər və həmin şəxs vaxtında müalicə olunmayıb. Bəzən bu cür davranış pozuntusunu xarakter, qısqanclıq kimi qələmə verib, müdaxilə edilmir. Nəticəsi isə bu cür dəhşətli hadisələrə gətirib çıxarır.

Ailə yaxınlarının sözlərinə görə, cinayət baş verən gün oğlan normal şəkildə qadını anasıgilə aparacağını deyib. Evdən çıxıb liftə minəndə isə artıq məlum cinayəti törədib. Çox təəssüf edirəm ki, iki günahsız körpə valideynsiz qaldı”.

Xatırladaq ki, Bakının Binəqədi rayonunda dəhşətli qətl hadisəsi baş verib. Cavadxan küçəsində yaşayan, 1977-ci il təvəllüdlü Hafiz Əsgərov binanın liftində 1980-ci il təvəllüdlü həyat yoldaşı Könül Əsgərovaya çoxsaylı bıçaq zərbəsi endirib və boğazını kəsib.

Könül Cəfərli

Mənbə: www.oxu.az