“Dəyişən dünyada peşə etikasının yeni prinsipləri” adlı vebinar təşkil olunub

“Dəyişən dünyada peşə etikasının yeni prinsipləri” adlı vebinar təşkil olunub

Bakı, 23 may, AZƏRTAC

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) və Mədəniyyət İşçilərinin Respublika Həmkarlar İttifaqı Komitəsi (MİRHİK) birlikdə “Dəyişən dünyada peşə etikasının yeni prinsipləri” adlı vebinar təşkil ediblər.

AZƏRTAC xəbər verir ki, COVID-19 infeksiyasının yayılması səbəbindən dünya ölkələrinin sosial təcrid rejiminə keçməsi bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də çalışan əməkdaşların yeni fəaliyyət formasına keçidini qaçılmaz edib.

MİRHİK-si Sədri Cəmilə Səttarova tədbir iştirakçılarını salamlayaraq, mədəniyyət işçilərinin sosial təcrid dövründəki fasiləsiz fəaliyyətini təmin etdikləri üçün onlara öz təşəkkürünü bildirib. C.Səttarova dünyada 40 mindən çox peşənin olduğunu və dövr dəyişdikcə bu peşələrin xarakterini təşkil edən bacarıqların da dəyişdiyini vurğulayıb.

Dəyişən dünyada mədəniyyət sahəsində çalışan əməkdaşlardan yeni peşə səriştələrinin tələb olunduğunu qeyd edən Mərkəzin direktoru Asif Usubəliyev çağdaş dünyamızda hər bir əməkdaşdan yüksək fərdi məsuliyyət, texnoloji hazırlıq və kreativ yanaşma tələb edildiyini bildirib.

Mərkəzin elmi katibi, MİRHİK-ın Mərkəz üzrə sədri Cavid Əliyev xüsusi karantin rejimində yumşalma və fəaliyyət sahələrinin tam açılmasının, postpandemiya dövründə də klassik iş prinsiplərindən fərqli olaraq yeni yanaşmaların tətbiq olunmasının qaçılmazlığını vurğulayıb. Qeyd edib ki, bütün bunlar dəyişən dünyada peşə etikasının yeni prinsiplərinin formalaşmasına gətirib çıxaracaq.

Vebinarda regionlarda çalışan MİRHİK-nin Metodiki mərkəzlərinin rəhbərləri, habelə Mərkəzin MİRHİK-nin üzvləri və regionlarda çalışan gənc mədəniyyət işçiləri iştirak ediblər.

Tədbirdə mədəniyyət sahəsində çalışanların müasir peşə etikası adlı təlimati xarakterli vəsaitin hazırlanmasına, həmkarlar fəaliyyətinə həsr olunmuş xüsusi təlimlərin yerlərdə keçirilməsinə və əməkdaşlarda müasir səriştələrin formalaşmasına xidmət edən birgə mühazirələrin reallaşmasına dair razılıq əldə olunub.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Mənbə: azertag.az