190 manat yardım üzrə may ödənişlərində gecikmələr olacaq

190 manat yardım üzrə may ödənişlərində gecikmələr olacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 190 manat birdəfəlik yardım üzrə ikinci ayın ödənişlərinin may ayında yekunlaşdırılacağı bildirilmişdi. Nazirlər Kabinetinin qərarı ilə Ramazan bayramı və Respublika günü 23-30 may üçün qeyri-iş günləri kimi müəyyən edilib və bu müddətdə banklar da fəaliyyət göstərmir.

Bu baxımdan yardımla bağlı bank kartlarını və ödənişlərini almayan şəxslər bankların işləməyəcəyi təqdirdə ödənişlərinin iyun ayına qədər gecikəcəyindən narahatdır.

Məsələ ilə bağlı "MediaPost"a açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı bu haqda dəqiq bir şey deyə bilməyəcəyini söylədi: "Çünki kartları banklar hazırlayır. Buna görə də, dəqiq nəsə deyə bilmirəm".

Həmçinin nazirliyin nümayəndəsi bildirib ki, nazirlik tərəfindən ödəmələrin may ayının sonuna qədər başa çatdırılması planlaşdırılır: "Növbəlilik əsasında kartını almayan digər vətəndaşlara da kartları veriləcək. Banklar tərəfindən hesab açıldıqdan və kart hazır olduqdan sonra onlara bildiriş göndərilir. Ümumumilikdə bu prosesin mayın sonuna qədər bitməsi planlaşdırılır".

Qurum rəsmisi konkret olaraq ödənişlərin gecikəcəyini deməsə də, fakt onu göstərir ki, banklar çalışmazsa, kartların təqdim edilməsi və ödənişin həyata keçirilməsi prosesi gecikəcək.

Mənbə: index.az