Aşqabad, 23 may, AZƏRTAC
Türkmənistanda səhiyyə sahəsində beynəlxalq təşəbbüslərinin reallaşdırılmasına həsr olunmuş videobrifinq keçirilib.
Pandemiya dövründə səhiyyə sahəsində qarşıda duran vəzifələrin Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələrinə uyğun olaraq yerinə yetirilməsi məsələlərinin müzakirə olunduğu videobrifinqdə AZƏRTAC-ı agentliyin Xarici dillərdə informasiya və beynəlxalq əlaqələr idarəsinin müdiri Süleyman İbrahimov təmsil edib.
Türkmənistanın Xarici İşlər naziri Rəşid Meredov əhalinin sağlamlığının qorunması sahəsində ölkəsinin və bu sahədə sanballı baza yaratmış digər dövlətlərin təcrübəsindən danışıb.
Videobrifinqdə çıxış edənlər səhiyyə sisteminin maddi-texniki bazasının təkmilləşdirilməsi, bu istiqamətdə milli səviyyələrdə fəal işin aparılması, yeni müalicə ocaqlarının yaradılması məsələlərindən, həmçinin virusa qarşı beynəlxalq mübarizə tədbirlərindən danışıblar.
Tədbirdə səhiyyə sahəsində beynəlxalq elmi əməkdaşlığın yeni formalarının inkişaf etdirilməsi, tibb elminin nailiyyətlərinin mübadiləsi barədə təkliflər səsləndirilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad
Mənbə: azertag.az