ATU-da yay imtahan sessiyasının təşkili qaydaları təsdiqlənib

ATU-da yay imtahan sessiyasının təşkili qaydaları təsdiqlənib

Azərbaycan Tibb Universitetində (ATU) Böyük elmi şuranın iclası keçirilib. Karantin rejiminin tələblərinə uyğun olaraq toplantı onlayn videokonfrans formatında təşkil olunub. İclasda yaz semestrinin yay imtahan sessiyasında qiymətləndirmənin keçirilməsi məsələsi müzakirə olunub və bu prosesin təşkili ilə bağlı qaydalar təsdiqlənib.

İclasın əvvəlində ATU-nun rektoru, professor Gəray Gəraybəyli konfrans iştirakçılarını şuranın gündəliyi ilə tanış etdikdən sonra pandemiya dövründə azərbaycanlı həkimlərin nümayiş etdirdiyi fədakarlıqdan danışıb. COVID-19 virusu ilə mübarizədə ATU klinikalarındakı cəsarətli həkimlərimizin xüsusi rolunu vurğulayıb. G.Gəraybəyli tezliklə dünyanın və Azərbaycanın bu problemi dəf edəcəyinə, koronavirusa qalib gələcəyimizə ümid etdiyini bildirib.

Daha sonra rektor G.Gəraybəyli dövlət başçısı İlham Əliyevin ATU-nun 90 illik yubileyinin keçirilməsi haqqında 14 may 2020-ci il tarixli sərəncamı videokonfrans iştirakçılarının nəzərinə çatdırıb. Yubileyin yüksək səviyyədə keçirilməsi, bununla bağlı işlərin təşkili üçün yaxın günlərdə daha ətraflı məlumatın veriləcəyini bildirib.

Elmi Şurada gündəlikdəki digər məsələ -- tələbələrin cari tədris ilinin yaz semestrinin yay imtahan sessiyasında qiymətləndirilməsi prosesini təşkil etmək, koronavirus pandemiyasının tədris prosesinə təsirini minimuma endirmək məqsədilə tədbirlər planı müzakirə olunub.
Nazirlər Kabinetinin 18.05.2020-ci il tarixli “Koronavirus (COVİD-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” Qərarına əsaslanaraq, Elmi Şurada aparılan müzakirələrdən sonra tələbələrin cari və yekun attestasiyası ilə bağlı qaydalar hazırlanıb.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

Mənbə: xalqqazeti.com