Sevil Mikayılova: Prezident İlham Əliyevin ağıllı sistemlərin tətbiqində irəliyə apardığı işlər ölkənin inkişafında keyfiyyətcə yeni mərhələ olacaq

Sevil Mikayılova: Prezident İlham Əliyevin ağıllı sistemlərin tətbiqində irəliyə apardığı işlər ölkənin inkişafında keyfiyyətcə yeni mərhələ olacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Prezident İlham Əliyevin ölkədə ağıllı sistemlərin tətbiqi ilə bağlı irəliyə apardığı işlər Azərbaycanın inkişafında keyfiyyətcə yeni mərhələ olacaq.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Deputat bildirib ki, Azərbaycanın müasir informasiya texnologiyalarına yiyələnmək təşəbbüsü dünyanın aparıcı və böyük şirkətlərindən biri olan "Signify" şirkəti tərəfindən böyük maraqla qarşılanıb və şirkət ölkəmizdə unikal layihələr reallaşdıracaq:

"Signify" şirkətinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu şirkətin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və "Signify" rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfrans zamanı belə layihələrin ölkəmizin inkişafi istiqamətində müstəsna əhəmiyyət daşıması xüsusi vurğulanıb.

İrəliyə sürülən layihə çərçivəsində bu il sentyabrın sonunadək Bakı şəhərində 33 min LED işıq quraşdırılacaq və bu sistemin işə salınması elektrik enerjisindən hazırkı istifadəni təxminən 50 faizədək qənaət etməyə imkan verəcək. Erik Rondolat bildirdi ki, işıqlandırmanın ən son yenilikləri Bakıda tətbiq olunacaq.

Xüsusi vurğulamaq lazımdır ki, Sumqayıt şəhərində küçələrin işıqlandırılması ilə bağlı qiymətləndirmə prosesi başlanılıb və bu, "Ağıllı ölkə" layihəsinin icrasında mühüm komponent kimi nəzərdən keçirilməlidir".

Sevil Mikayılova qeyd edib ki, "Signify" şirkətinin Azərbaycanda işləməsi, heç şübhəsiz, ölkəmizin əməkdaşlıq üçün dəyərli tərəfdaş olması, eləcə də ölkədə yaradılmış əlverişli biznes və sərmayə mühiti ilə əlaqədardır:

"Prezident İlham Əliyev tərəfindən aparılan islahatların nəticəsidir ki, "Signify" və "CİSCO" kimi dünya miqyaslı iri şirkətlər hazırda Azərbaycanla əməkdaşlıq edir və ölkəmizdə ən qabaqcıl texnologiyaların tətbiqi üçün real fəaliyyət göstərirlər.

Yeni texnologiyalara tam açıq olan və innovativ ideyaların tətbiqində çevik addımlar atan Azərbaycan bu məsələdə qabaqcıl ölkələrin mövqeyinə yüksəlib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, yeni texnologiyalar yeni miqyasa, dinamizmə, tərəqqiyə, yeni iş yerlərinə və ümumi rifaha xidmət edir".

Mənbə: az.trend.az