Cərrah-endokrinoloq: Düyünlü ur 90 faiz hallarda xoşxassəli olur

Bakı, 25 may, AZƏRTAC

Mayın 25-i Ümumdünya Qalxanabənzər Vəzi Günüdür. Bu günün keçirilməsində məqsəd dünya ictimaiyyətinin diqqətini qalxanabənzər və ya tiroid vəzi xəstəliklərinə yönəltməkdir. Tiroid vəzi xəstəlikləri bütün dünyada olduğu kimi bizim ölkəmizdə də artmaqdadır. Belə ki, endokrin xəstəliklər arasında ilk yeri şəkərli diabet, ikinci yeri isə qalxanabənzər vəzi xəstəlikləri tutur.

Bu sözləri AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının cərrah-endokrinoloqu, tibb üzrə fəlsəfə doktoru Azər Hümmətov deyib.

Cərrah-endokrinoloq bildirib: "Qalxanabənzər vəzi boyunda nəfəs borusunun və qırtlağın önündə yerləşən, hormon sintez edən orqandır. Vəzinin ifraz etdiyi hormonlar orqanizmimizin metabolik, hormonal, qan dövranı, böyümə və digər sistemlərinin fəaliyyətinin tənzimlənməsində əhəmiyyətli rol oynayır. Qalxanabənzər vəzi xəstəliklərinin xoşxassəsli və bədxassəli növləri var. Xoşxassəsli növlər dedikdə, graves xəstəliyi, zəhərli ur və ya zəhərli zob, düyünlü ur və ya düyünlü zob, Haşimoto tireoiditi, autoimmun tireoiditlər, yarımkəskin tireoiditlər nəzərdə tutulur. Bədxassəli formasına isə qalxanabənzər vəzinin xərçəngi aiddir.

Qalxanabənzər vəzi xəstəlikləri arasında düyünlü ura daha çox rast gəlinir. Zob dedikdə, tiroid vəzinin həcmcə böyüməsi nəzərdə tutulur. Düyünlü zobun əmələ gəlməsinə dair bir çox nəzəriyyələr var. Buna səbəb kimi daha çox yod çatışmazlığı, siqaret çəkmək, qeyri-düzgün qidalanma və piylənmə göstərilir. Düyünlu urlar xoşxassəli və bədxassəli olmaqla iki qrupa bölünür, 90 faiz hallarda düyünlü zobun xoşxassəli formasına rast gəlinir, 5-10 faiz hallarda isə bədxassəli forması qeydə alınır.

Düyünlü zob kişilərə nisbətən qadınlarda daha çox müşahidə olunur. Əsas əlamətləri birinci növbədə xəstədə boyun nahiyyəsində şişkinliyin olması, udqunma çətinliyi, təngnəfəslik, boğulma əlamətləridir. Zəhərli zobda isə xəstədə ürəkdə çırpınmalar, əllərdə əsmə, iştahanın artması, lakin arıqlama, saç tökülməsi, baldır əzələlərində ağrıların olması kimi simptomlar qeydə alınır. Bundan əlavə, tənbəl zob da var ki, tibbi adı Haşimoto tireoiditidir. Zobun bu növündə isə xəstədə halsızlıq, tez yorulma, yuxusuzluq, iştahanın az olmasına baxmayaraq, çəkinin artması, qəbizlik, dəri quruluğu, saç tökülməsi kimi əlamətlər qeydə alınır".

Mütəxəssisin sözlərinə görə, düyünlü uru aşkar etdikdə əsas məqsəd onun xoşxassəli və ya bədxassəli olmasını müəyyənləşdirməkdir. Bunun üçün düyünlü zobun diaqnostikasında ən vacib müayinə üsullarından biri ultrasəs müayinəsidir. Ultrasəs müayinəsi vasitəsilə qalxanvari vəzidə düyününün mövcudluğu təyin edilir, ondan sonra elastroqrafiya vasitəsilə onun sərtliyi yoxlanılır. Əgər sərt düyündürsə, biopsiya alınır. Nəticədə onun xoş və ya bədxassəli olması müəyyənləşdirilir. Düyünlü urun müalicəsi dərman, lazer ablasiya, skleroterapiya və cərrahi üsullarla aparılır. Düyünün ölçüsü kiçikdirsə və ultrasəs müayinəsində xoşxassəli olduğu aşkarlanıbsa, ona nəzarət etmək lazımdır. Hər hansı bir müalicəyə ehtiyac yoxdur. 3-6 aydan bir ultrasəs müayinəsi vasitəsilə düyünlərə nəzarət olunur. Əgər düyün böyümürsə, heç bir müdaxiləyə gərək qalmır. Əksinə olaraq böyüyürsə, biopsiya olunur və bundan sonra hansı müalicə üsulunun tətbiq edilməsinə qərar verilir.

Xoşxassəli düyün 1-3 faiz hallarda bəsxassəliyə çevrilə bilər. Lakin əksər hallarda düyünlü zob xoşxassəli olur. Düyün əgər bədxassəlidirsə, müalicə taktikası tam fərqli bir şəkildə aparılır. Cərrahi əməliyyat olunur. Histoloji nəticədən aslı olaraq ya radioaktiv yod götürülür, ya da dərman müalicəsi ilə xəstəyə nəzarət olunur. Əgər düyünün ölçüsü 3 santimetrdən böyükdürsə və xəstədə boğulma əlamətləri varsa, onda cərrahi əməliyyat icra olunur. Lazer ablasiyanın üstünlüyü ondadır ki, xəstə narkoz almır, kəsik aparılmır. Prosedur ancaq yerli keyləşdirmə altında icra olunur. Xəstə 2 saat klinikada qaldıqdan sonra evə buraxılır və hər hansı bir dərman terapiyasına ehtiyac qalmır.

A.Hümmətov bildirib ki, düyünlü ur əsasən orta yaş qrupunda daha çox rast gəlinir. Əgər 20 yaşadək insanlarda düyünlü zoba rast gəlinirsə, bu, daha çox təhlükəli ola bilər. Həmin şəxslərdə düyünlər daha ciddiyə alınmalıdır. Eyni zamanda, 65 yaşdan yuxarı pasiyentlərdə düyün sürətlə böyüyərsə, ehtiyatlı davranmaq lazımdır. Həmçinin uşaq vaxtı boyun nahiyəsindəki şişlərə görə radioterapiya alanlar və sonradan düyün əmələ gələnlər də risk qrupuna daxildirlər.

"Son zamanlar düyünlu urun rastgəlmə tezliyinin artmasının səbəblərindən biri də texniki diaqnostika vasitələrinin təkmilləşməsi və artmasıdır. Bəzən ultrasəs və tomoqrafiya müayinələrində düyünlü ur təsadüfən aşkarlanır. Ona görə də düyünlü zobu ultrasəs müayinəsi vasitəsilə 50-60, palpasiya üsulu ilə isə 5-10 faizə qədər aşkarlamaq mümkündür.

Vətəndaşlar özlərində xəstəliyin təngnəfəslik, boğulma, əsəbilik kimi əlamətlərini hiss edərlərsə, o zaman onlara vaxt itirmədən ultrasəs müayinəsindən keçmələrini tövsiyə edirəm", - deyə cərrah-endokrinoloq diqqətə çatdırıb.

 

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Çernoqoriya Prezidenti ölkəsinin koronavirusa qalib gəldiyini bəyan edib

SONRAKI XƏBƏR

İran yəhudiləri İsrailə və ABŞ-a qarşı çıxdı