İsveçrədə qadınlar azərbaycanlı kişiləri belə təəccübləndirir... - MARAQLI

İsveçrədə qadınlar azərbaycanlı kişiləri belə təəccübləndirir...  - MARAQLI

İsveçrədəki dostumuzun qəfil xəstələnməsindən çox gec xəbər tutdum. Çox üzüldüm. Həmən başqa bir dostumuzla əlaqə saxladım. Dedim ki, sabah “keçmiş olsun” ziyarətinə baş vurmalıyam . Gəl bir yerdə gedək. Razılaşdıq. Axşama doğru görüşəcəkdik. Mənim maşınımla xəstə dostumuzun yaşadığı yaxınlıqdakı şəhərə gedəcəkdik. Təxminən Bakıdan Sumqayıta getmək kimi bir şey...

Görüşəcəyimiz gün ad günümə təsadüf edirdi. Bakıdan xeyli zəng gəldi. Tərslikdən görüşə getdiyim zaman zənglər daha da artdı. Öz maşınım nasaz olduğuna görə kürəkənin maşınını götürməliydim. Telefon qulağımda maşına yaxınlaşanda gördüm ki, iri bir vərəqə nəsə yazıb maşının şüşəsinə yapışdırıblar. Vərəqi qoparıb maşının içinə atdım və maşını sürə-sürə telefonla söhbəti davam etdirdim.

15 dəqiqədən sonra görüş yerinə çatdım. Axır ki, telefonu qapadıb dostumla görüşəcəyimiz restorana daxil oldum. Xəstəlik keçirmiş dostum da restoranda idi. Sən demə, onun bizim şəhərdə işi varmış. Düşünüb ki, bizi çox əziyyətə salmasın. Elə buradaykən özü bizimlə görüşsün.

Üçümüz süfrə arxasına keçdik. Qəhvədən, şüadan içə-içə dostumuzun xəstəlik tarixçəsini vərəqlədik. Son dərəcə sağalam adamlar da bəzən qəfil xəstəliklə rastlaşır və belə şeylər insanı çox məyus edir. Xoşbəxtlikdə xəstəlik elə ciddi deyildi. İki həftəlik müalicədən sonra hər şey əvvəlki axarına dönəcəkdi.

Daha sonra Azərbaycanda baş verən siyasi proseslərin təhlilinə keçdik. Xeyli müzakirələrdən sonra dağılışdıq.

Maşına park etdiyim yerdən minib geri döndüm. Düşəndə gördüm ki, maşının sol tərəfdən yüngülvari vurulub. Sürtülən yerin rəngi gedib. Təxminən 300-400 dollarlıq xərci var. İsveçrədə maşın təmiri çox bahadır. Bakıda belə şeyi 20-30 dollara düzəltdirmək olar...

Fikirləşdim ki, bu maşını harada vurdum? Bəlkə də kimsə daha öncə vurub çıxıb gedib. Mən də maşını götürəndə diqqət etməmişəm. Maşın lap təzədir. Kürəkən də onu satmaq istəyir. Müştəri axtarır. Ona görə də maşını təcili düzəltdirmək lazımdır.

Kürəkən də gəlib maşına baxdı. Dedim ki, apar düzəltdir, hesabı da qayınanaya göndər. Dedi ki, bunu özüm də düzəldə bilərəm. Elə bir şey deyil...

O bir gün öz maşınımla yol gedirəm. Birdən kürəkənin maşınına yapışdırılmış o vərəq yadıma düşdü. Xanımıma dedim ki, kürəkənə zəng vur. De ki, maşındakı o vərəqə bir baxsın. Yəqin, maşını vuran adam o vərəqə öz telefon nömrəsini yazıb...

Gedib baxıb. Elə mən deyən kimiymiş. Səbəbkar bir qadındır. Üzrxahlıqdan sonra deyib ki, maşını düzəltdir. 500 dollara qədər xərci özüm ödəyirəm. Daha çox olsa, sığorta şirkətim xərci öz boynuna götürəcək.

İsveçrədə maşın üçün park yerləri xeyli kiçikdir. Park edərkən maşınlar bir-birinə sürtülür. Mənim kimi əcnəbilər olduqda maşını sürüb, gedirlər. Yerli isveçrəlilər isə məsuliyyəti öz üzərinə götürür. Bunların düşüncəsinə görə başqa bir insana ziyan vurmaq olmaz. Vurmusansa, əvəzini ödəməlisən...

 

Elbəyi Həsənli, İsveçrədə yaşayan jurnalist

 

Mənbə: moderator.az