Nigar Arpadarai: Sputnik ölkəmizdə baş verən bütün mühüm hadisələri obyektiv işıqlandırır

Nigar Arpadarai: Sputnik ölkəmizdə baş verən bütün mühüm hadisələri obyektiv işıqlandırır

Zahid Oruc: Agentlik bu müddətdə Azərbaycanın milli maraqlarının, mədəniyyətinin, tarixinin, ənənələrinin qorunmasında, təbliğ olunmasında son dərəcə prinsipial mövqe tutub, xarici informasiya məkanında mühüm istinad ünvanına çevrilib

BAKI, 25 may — Sputnik. Sputnik Azərbaycan İnformasiya Agentliyi fəaliyyət göstərdiyi beş il müddətində böyük inkişaf yolu keçib, uğurlar qazanıb, adını birinci sıralara yazmağı bacarıb. Agentlik bu müddətdə Azərbaycanın milli maraqlarının, mədəniyyətinin, tarixinin, ənənələrinin qorunmasında, təbliğ olunmasında son dərəcə prinsipial mövqe tutub, xarici informasiya məkanında mühüm istinad ünvanına çevrilib.

Bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin idarə heyətinin sədri, millət vəkili Zahid Oruc Sputnik Azərbaycan-ın 5 illik yubileyi münasibətilə kollektivi təbrik edərkən deyib. O qeyd edib ki, agentlik öz standartlarını, prinsiplərini fərqli şəkildə müəyyən etdiyi üçün media məktəbinə çevrilib.

"Media qurumu peşəkar səviyyəyə önəm verib, doğru xəbər, araşdırmalar, yaradıcı təfəkkür məhsulları ilə ictimai diqqəti özünə cəlb etməyi bacarır. Sosial Tədqiatalar Mərkəzi həmişə media ilə əməkdaşlığa üstünlük verir, ictimai rəyin formalaşmasında onun rolunu yüksək qiymətləndirir və bu konteksdə sizinlə əməkdaşlıq bizi məmnun edir. STM-in bütün yaradıcı heyəti adından 5 yaşınızı səmimiyyətlə təbrik edir, gələcək fəaliyyətinizdə kollektivinizə uğurlar arzu edirik", - Zahid Oruc təbrik məktubunda qeyd edib.

Millət vəkili Nigar Arpadarai də Sputnik Azərbaycan-a təbrik məktubu ünvanlayıb. O, ölkədə baş verən bütün mühüm hadisələri obyektiv, vaxtlı-vaxtında və dəqiqliklə işıqlandırdığı üçün Sputnik Azərbaycan-ın kollektivinə minnətdarlığını bildirib.

"Azərbaycanın elektron media və informasiya sahəsində özünəməxsus yer tutmuş Sputnik Azərbaycan-ın bütün əməkdaşlarını fəaliyyətlərinin beşinci ildönümü münasibətilə təbrik edir, onlara gələcəkdə uğurlar və yeni-yeni nailiyyətlər arzu edirəm. Rəqəmli texnologiyalar dövründə informasiyanın dolğunluğu, qərəzsiz və əsaslı olması vacib amillərdəndir. Sevindirici haldır ki, qısa bir zamanda professional kadrlar və fəaliyyətlərinə məsuliyyətli yanaşma sayəsində ciddi auditoriya qazanmış Sputnik Azərbaycan daim inkişafdadır və ölkədə baş verən bütün mühüm hadisələri obyektiv, vaxtlı-vaxtında və dəqiqliklə işıqlandırır. Sizi fəaliyyətinizin 5 illiyi münasibətilə təbrik edirəm", - deyə Arpadarai bildirib.

Millət vəkili Naqif Həmzəyev də təbriklərə qoşulub: "Sputnik Azərbaycan çox məhsuldar bir yol keçərək Azərbaycan informasiya məkanında ciddi xəbər portalı imici yaratmağı bacarıb. İnformasiyaların rəngarəngliyi, günün nəbzini tutan aktual mövzuları, hadisələrə fərqli yaşama tərzi Sputnik-i bu beş illik fəaliyyəti ərzində geniş oxucu auditoriyasının inandığı, etibar etdiyi portala çevrilib. Hadisələrə oybektiv, qərəzsiz prizmadan yanaşmaq, informasiyanın məsuliyyətini dərk etmək kimi keyfiyyətlər saytın hörmətini daha da atrırıb. Agentliyi yaranması münasibəti ilə təbrik edir, kollektivə yeni yaradıcılıq uğurları arzu edirəm. İnanıram ki, portal 50 illiyində də operativ və dəqiq informasiyaları, töhfələri ilə Azərbaycan mətbuatı tarixində öz çəkisini qoruyub saxlamağı bacaracaq".

Mənbə: sputnik.az