“Pandemiya insanlara psixoloji zərbə vurdu”

“Pandemiya insanlara psixoloji zərbə vurdu”

“Çöldə, maşında, hara çıxırsan bu gün insanların aqressiyası ilə üzləşirsən. Bu da insanların arasında soyuqluq yaradır”

Koronavirus pandemiyası insanların psixi sağlamlığına dərin təsir göstərib. Karantin rejimi əhalinin müəyyən qruplarında mənfi izlər qoydu. Son günlər intiharların çoxalması da belə düşünməyə əsas verir.

Post-pandemiya dövründə gənclər və ailəli şəxslər, yaşlı insanlar, psixi sağlamlıqla bağlı problemləri olanlar psixoloji gərginliklərdən keçdilər. Canına qıyanlar arasında gənclər daha çoxdur.

Psixoloq Fərqanə Mehmanqızı “Sherg.az”a açıqlamasında bildirib ki, iqtisadi problemlər insan psixologiyasında böyük problemlər yaradır.

 

Onun sözlərinə görə, hər bir insanda eqo, yəni öz şəxsiyyətini təsdiq etmə hissi var:

“Şəxsiyyəti təsdiq etmək üçün cəmiyyətdə mühit lazımdır. Belə neqativ hallarda özgüvənsizlik yaranır, özlərini təsdiq edə bilmirlər. Maddi durumu aşağı olanda insanlar öz potensiallarını göstərə bilmirlər. Bu da birbaşa ailəyə sirayət eləyir. İmkansızlıq get-gedə artır. Xüsusilə pandemiya dövrü insanlara psixoloji zərbə vurdu”.

Psixoloq qeyd edib ki, insanlar öz mənlərini təsdiq etmək üçün müxtəlif istiqamətə yönəlirlər:

“İqtisadi durum bu gün yeniyetmələrə də çox böyük təsir edir. Maddi çətinlik insanlarda aqressiya yaradır. Çöldə, maşında, hara çıxırsan bu gün insanların aqressiyası ilə üzləşirsən. Bu aqressiya insanların arasında soyuqluq yaradır”.

Mənbə: sherg.az