Gənclər təşkilatları üçün 10 müxtəlif mövzuda onlayn vebinarlar keçirilib

Gənclər təşkilatları üçün 10 müxtəlif mövzuda onlayn vebinarlar keçirilib

Bakı, 26 may, AZƏRTAC

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə gənclər təşkilatları üçün 10 müxtəlif mövzuda onlayn vebinarlar keçirilib.

ARGTMŞ-dan AZƏRTAC-a bildirilib ki, vebinarların keçirməsində məqsədi hazırda ölkəmizdəki mövcud vəziyyətlə əlaqədar dövlətimizin yürütdüyü siyasətə dəstək olmaq, o cümlədən gənclərin sosial izolyasiya prosesi müddətində evdə qalaraq vaxtlarını daha səmərəli keçirməsini təmin etməkdir.

Onlayn vebinarlarda 50-dən çox gənclər təşkilatlarının rəhbərləri və nümayəndələri, o cümlədən 300 gənc iştirak edib.

Vebinarlar "Gənclər təşkilatlarında könüllülük", "Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında və Azərbaycan Gənclər Fondunda maliyyə hesabatının aparılması haqqında", "Gənclər Təşkilatlarında SMM işinin təşkili", "Visegrad+ Fondu üçün layihələrin hazırlanması və yazılması", "Azərbaycanda gənclər siyasəti və gənclər təşkilatları üçün yaradılan imkanlar", "Gənclər təşkilatlarının fəaliyyətində onlayn işin təşkili", "Gənclər təşkilatlarının fəaliyyətində beynəlxalq təmsilçilik kodeksləri", "Avropa Könüllülük Xidməti və Erasmus+ haqqında təlim", "Gənclərlə iş sahəsində təlimçilər bazası" mövzularında keçirilib.

Gənclər təşkilatlarının nümayəndələri üçün onlayn vebinarlar davam etməkdədir.

Bundan başqa "Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dəstək Şurasının SƏLİS onlayn sistemi haqqında", "Avropa Gənclər Fondunun qrant müsabiqəsinin təqdimatı", "Azərbaycan Gənclər Fonduna gənclər təşkilatlarının üzvlərinin fərdi layihələrə müraciət qaydaları haqqında təqdimat", "Gənclər təşkilatlarının rəhbərlər və nümayəndələrinin təqdimat bacarıqlarının inkişafı istiqamətində təlimlər" və sair mövzularda vebinarlar təşkil olunub.

Mənbə: azertag.az