“İndi gəlin görək özəl bağçada işləyən rəsmi işləyirmi?”

“İndi gəlin görək özəl bağçada işləyən rəsmi işləyirmi?”

Pandemiya dövründə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixli təsdiq edilmiş müvafiq Tədbirlər Planına əsasən zərərçəkmiş sahələrə dəstək göstərilməsiylə bağlı proqram açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, hökumətin dəstək proqramı müxtəlif sahələri əhatə edir. Dövlət dəstəyi çərçivəsində fərdi sahibkarların muzdlu işçilərinə ödədikləri əməkhaqqının bir hissəsinin dövlətin ayırdığı vəsait hesabına ödənilib, fərdi (mikro) sahibkarlara isə birbaşa maliyyə dəstəyi göstərilib. Burada həm hüquqi, həm də fiziki şəxslərin işçilərinin maaşı ödənilməsi nəzərə alınıb.

Bundan əlavə, fiziki şəxslərə vergilərlə bağlı müəyyən güzəştlər də edilib. Belə ki, mexanizm çərçivəsində pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində sahibkarlıq fəaliyyəti göstərən 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyinin göstərilib. Bu maliyyə yardımı 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil edilib. Bunlar vergi azadolmaları, vergi güzəştləri, vergi tətilləridir.

Hüquqi şəxsləri isə narahat edən əsas məsələ müəyyən vergi güzəştlərinin onlara şamil edilməməsiylə bağlıdır.

“Qafqazinfo” bu məsələni araşdırıb. Gələcəkdə hər hansı pandemiya hallarıyla rastlaşan zaman hüquqi şəxslərə də dəstək proqramının daha əhatəli olması üçün hansı addımların atılmalı olduğunu iqtisadçı ekspert Samir Əliyevlə aydınlaşdırıb.

Əvvəlcə isə, mövzuya keçmədən qabaq fiziki və hüquqi şəxs anlayışlarına bir daha diqqət yetirməyimiz önəmlidir.

Mülki Məcəllənin 24-cü maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir.

Azərbaycanda bütün vətəndaşlar, ölkənin ərazisində daimi yaşayan və ya müvəqqəti qalan әcnәbilәr və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslər hesab olunur. Vergi Məcəlləsinin 13.2.3 maddəsinə əsasən fiziki şəxs - Azərbaycan vətəndaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxsdir.

Mülki Məcəllənin 43-cü maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlaka cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.

Belə ki, hüquqi şəxsin müstəqil balansı olmalıdır. Vergi Məcəlləsinin 13.2.2. maddəsinə əsasən hüquqi şəxs - Azərbaycanın və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlardır.

İqtisadçı ekspert S. Əliyev bildirib ki, pandemiya dövründə dövlətin hüquqi şəxslərə kömək etmədiyini demək düzgün olmazdı: “Həmin müəssisələrin işçilərinin maaşının ödənilməsi az məsələ deyil. Bu kifayət qədər vəsaitdir. Hüquqi şəxslərlə bağlı əsas açıq qalan məsələ icarə haqlarıyla bağlı idi. Rusiyada və Amerikada bununla bağlı hüquqi şəxslərə müəyyən güzəştlər edildi. Bizdə də əmlak və torpaq vergisindən azad olunma var idi. Biz məsələni bu cür qoya bilmərik ki, hüquqi şəxs fiziki şəxs kimi yardım ala bilsin. Hüquqi və fiziki şəxslərin özlərinin ayrı istiqamətləri var. Xüsusilə iri, böyük kollektivi olan müəssisələr hüquqi şəxs olmağa daha münasibdir. Burada əsas məsələ icarə xərclərinin olması və gəlir məsələsidir.

Məsələn, ƏDV ilə bağlı müəyyən bir güzəştlərin olması daha yaxşı olardı. Çünki hüquqi şəxs hər hansı məhsul istehsal edir.

Digər məsələ isə maliyyə ilə bağlıdır. Bu sektorun da kreditə əlçatanlılığı olmalıdır. Bununla bağlı proqramda zəmanət verilmə mexanizmi nəzərdə tutulmuşdu.

Əsas problem odur ki, bizdə hüquqi şəxslər qiymətli kağızlar bazarının iştirakçısı deyillər. Bizdə olan səhmdar cəmiyyətlərin əksəriyyəti dövlətindir. Bunların bazarda heç bir səhmləri yoxdur. Yaxud da bizim hüquqi şəxslər istiqraz buraxmağa maliyyə sərf etmir. Barmaqla sayılacaq sektorlarda bu 1 faiz həcmində var. Belə böhranlarda nə baş verir? Dövlət gedib həmin hüquqi şəxsin maliyyə dəstəyi üçün istiqrazlarını alır. Çünki şirkətə pul lazımdır. Bizdə o yoxdu axı? Hökumət hansı istiqrazı alsın? Bu baxımdan bizdə hökumətin hüquqi şəxslərə dəstək verməsi imkanlarını məhdudlaşdıran amillərdən biri də məhz hüquqi şəxslərin şəffaf işləməmələridir.

İkincisi isə korporativ idarəetmə sisteminin qurulmaması onları dəstəkdən kənarda qoydu. Bu iki səbəb hökumətin dəstəyini məhdudlaşdırdı.

Onlar işçini işlədiblər, amma rəsmiləşdirməyiblər. Dövlət işçinin maaşını verə bilmir. Yaxud da maaşlarının bir hissəsini gizlədiblər. Tutaq ki, 300 manat pul rəsmiləşdirir, amma işçiyə 1000 manat maaş verir. Hökumət də 300 manatı verəndə, burada işçi itirir. Bu baxımdan da pandemiya dövründə dövlətin iqtisadi sektora dəstəyi bizdə geniş olmadı. Eyni zamanda bunu şərtləndirən amillərdən biri də bizim hüquqi şəxslərin şəffaf və hesabatlı işləyib korporativ idarəetmə sistemi qurmamasıyla bağlı idi. Ona görə də xeyli hüquqi şəxs yardımdan kənarda qaldı.

Hüquqi şəxslərin də özünün təmsil olunduğu müxtəlif sahələr var. İş rejiminə uyğun olaraq dəstək formalaşır. Bilirsiniz ki, pandemiya dövründə neft sektoru işlədi. Bu sahədə heç bir problem olmadı. Ancaq ictimai iaşədən tutmuş otellərə qədər xidmət sektoru işləmədi. Özəl təhsil müəssisəsi olan bağçalar da işləmədi. Dövlətin balansında olan bağçalarda problem yoxdur, işçilər maaşını alırlar.

Bəs özəl bağça və digər müəssisələrdə bu məsələ necə tənzimlənsin?

Ona görə də dövlət hüquqi şəxslərə münasibətdə də differensial yardım paketi təklif etməliydi. Hamıya standart təkliflərin edilməsi düzgün deyildi. Özəl təhsil müəssisələrinə fərqli bir yanaşma tətbiq edilməliydi. Yəni hökumətin verdiyi qərar nəticəsində biznesə zərər dəyirsə, mütləq kompensasiya edilməlidir. Devalvasiya zamanı da analoji vəziyyət oldu. Təbii fəlakət baş verməyib ki, hökumət desin ki, bu mənlik deyil. Anlayırıq ki, hökumət məcbur olub bu addımı atıb. Məsələn, İsveçdə, Belarusiyada bu tətbiq edilmədi. Onlarda tətbiq edilməməsini dəstəkləmək baxımından bunu demirəm. Həmin ölkələrdə problemlər getdikcə artır.

Özəl təhsil müəssisəsinə yanaşmada hökumət deyə bilər ki, mən işçinin maaşını verirəm. Bu baxımdan haqlıdır. İndi gəlin görək həmin bağçada işləyən rəsmi işləyirmi? Rəsmi işləyirlərsə, nə qədər rəsmi maaş alırlar? Burada hökuməti qınayanda sahibkarı da qınamaq lazımdır ki, o şəffaf işləsin. Şəffaf işləməmənin də səbəbi gəlib hökumətə çıxır. Hökumət vaxtında vergi sistemini düzgün qurmadığından sahibkar da məcbur olub qara mühasibatlılığa gedirdi. Hər bir halda qarşıdakı dövrlərdə hüquqi şəxslərin əsas vəzifələrdən biri də məhz şəffaflıq və hesabatlılıq sistemi qurmaq olmalıdır. Bunu qurmaq lazımdır ki, gələcəkdə bu kimi hallar olanda artıq sahibkarlar çox da zərər çəkməsin”.

Günel Türksoy

Mənbə: qafqazinfo.az