AKƏM tərəfindən keçirilən aksiyalarda AFFA-nın 200 könüllüsü aktiv şəkildə iştirak edib (FOTO)

AKƏM tərəfindən keçirilən aksiyalarda AFFA-nın 200 könüllüsü aktiv şəkildə iştirak edib (FOTO)

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) tərəfindən keçirilən aksiyalarda AFFA-nın 200 könüllüsü aktiv şəkildə iştirak edib.

Bunu Trend-ə açıqlamasında AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri, Avro-2020-nin Bakıda keçiriləcək oyunlarının Əməliyyat Qrupunun Könüllülərlə iş üzrə koordinatoru Yusif Vəliyev bildirib.

Onun sözlərinə görə, könüllülər yaşlılara yardım kampaniyasına başlamamışdan əvvəl qurumun tərkibində xüsusi treninq keçərək, karantin müddətində sosial məsafəni qorumaq və digər qaydalara yiyələniblər:

“Həmçinin treninq zamanı könüllülərimizə yaşı 65-dən yuxarı şəxslərlə necə davranmalı, ərzaqlar hansı şəkildə verilməli və s. kimi qaydalar başa salınıb. Bildiyiniz kimi, mart ayında etibarən ölkədə xüsusi karantin rejimi tətbiq olunub. Karantin qaydalarına əsasən yaşı 65-dən yuxarı olan şəxslərin çölə çıxmasına qadağa var idi. Məhz həmin qaydalar tətbiq edildikdən sonra federasiya rəhbərliyinin tapşırığı ilə AFFA tərəfindən yaşı 65-dən yuxarı olan futbol veteranlarının siyahısı hazırlanıb. Həmin andan etibarən bu veteranlar və tənha yaşayan şəxslərə AFFA-nın könüllüləri tərəfindən yardımlar göstərilməyə başlanılıb. Həftədə 2 dəfə olmaqla iki ay ərazində həmin şəxslərin evlərinə ərzaq tədarükü görülüb".

 

Y.Vəliyev qeyd edib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın çağırışlarına cavab olaraq, Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları tərəfindən Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) yaradılıb. Mərkəz tərəfindən keçirilən aksiyalarda AFFA-nın 200 könüllüsü aktiv şəkildə iştirak edib. Əlavə olaraq ehtiyatda 800 könüllü var.

Şöbə müdiri əlavə edib ki, AFFA-nın könüllüləri 2009-cu ildən mövcuddur və bu zaman ərzində onlar oyunların təşkil edilməsində iştirak ediblər:

“Ötən il UEFA Avropa Liqası çempionatı zamanı 3 020 könüllü müraciət edib. Onlardan 1 464 könüllü aktiv şəkildə bu oyunda iştirak ediblər. UEFA-nın statistikasına əsasən müraciət edən könüllülərin sayı rekord sayda olub. Bu qədər könüllü sayı UEFA-nın tarixi ərzində bir ilk olub. Növbəti il keçiriləcək AVRO 2020 oyunlarında iştirak üçün isə 6 972 könüllü müraciət edib”.

Mənbə: az.trend.az