Metroya daxil olan hansı sərnişinlərin hərarəti ölçülür?- AÇIQLAMA

Metroya daxil olan hansı sərnişinlərin hərarəti ölçülür?-  AÇIQLAMA

Məlumdur ki, ölkədə koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə martın 31-dən fəaliyyətini dayandıran Bakı Metropoliteni işini bərpa edib.

Stansiyaların girişlərində sərnişinlərin platformalara növbəli buraxılması üçün dəmir hasarlar və məlumatlandırıcı lövhələr quraşdırılıb. Nazirlər Kabineti yanında Operativ Qərargah həmin tarixdən etibarən metrostansiyalara yalnız yaşayış yerini SMS icazə ilə, "icaze.e-gov.az" portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə verildiyini açıqlayıb. Artıq karantinin yumşaldılması ilə icazələrlə bağlı arayışlar təqdim edilmir. Buna baxmayaraq insanlar sosial məsafəyə riayiət etmir, maskalardan istifadə etmir. Bunların fonunda deyə bilərik ki, metro insanların sıx toplaşdığı məkan olduğundan onların hərarətlərinin ölçülməsi də diqqət mərkəzində olan məsələdir.

Hazırda ölkədə koronavirus xəstəliyinin artımını nəzərə alsaq, metroda hərarətin ölçülməsi məsələsi gündəmə gəlir. Ümumiyyətlə metro açılarkən tətbiq edilən qaydaların sırasında ilk günlər sərnişinlərin arayışları ilə bərabər temperaturlarının da xüsusi cihazlarla ölçülməsi dayanırdı. Yəni ki, ilk günlərdə sərnişinlərin maskalardan istifadəsi və hərarətlərinin ölçülməsi məsələsi öz aktuallığını qoruyurdu. Hazırda isə insanlar həm küçələrdə, həm də metroda maskasız gəzə bilir və yaxud da maskalardan istifadəsiz şəkildə yararlanırlar. Maskadan imtina edən şəxslər maskanı çənələrinin altına salaraq, ciblərində gəzdirərək bu qaydaları heçə sayırlar.

Məsələ ilə bağlı açıqlama verən "Bakı Metropoliten"-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, qeyd edilən istiqamətdə nəzarət və monitorinq səngidilmir. Əksinə, dövrü olaraq işlər aparılır. Müntəzəm şəkildə birmənalı olaraq həmin işlər koronavirusla mübarizə davam etdiyi müddətdə qaydasında aparılacaqdır. Tibbi maskanın taxılması və sosial məsafənin qorunması ilə bağlı artıq bir neçə gündür ki işlər aparılır. Sərnişinlərin hərarətlərinin ölçülməsinə gəldikdə isə, metropoliten rəsmisi bildirib ki, metroya daxil olan şəxslərdən yalnız koronavirus əlamətləri müşahidə olunan sərnişinlərin seçmə qaydada hərarətləri ölçülür:

"Sərnişinlərin sosial məsuliyyətinin daha da artması və məsələyə daha ciddi yanaşması hər birimiz üçün vacibdir. Hərarətin yoxlanması isə əvvəlki gündən selektiv, yəni seçmə qaydada aparılır. Dünya təcrübəsində də bütün sərnişinlərin eyni vaxtda yoxlanılması qeyri-mümkün prosesdir. Karantininin yumşaldılması ilə fəaliyyətini bərpa edən metroya ilk günlər sərnişinlərin icazələri yoxlanılaraq buraxılırdı. Həmin vaxtda biz hərarətin ölçülməsinin selektiv qaydada həyata keçiriləcəyini elan etmişdik. İlk vaxtlar elə görünürdü ki, bu məsələdə intensivlik var, yəni metroya giriş edən hər kəsin hərarətləri yoxlanılacaq. Bildirim ki, hərarəti ölçən işçilər cihazdan istifadə etmək üçün xüsusi təlimat keçiblər. Hazırda selektiv qaydada sərnişinlərin hərarətlərinin yoxlanılması metropolitenin bütün stansiyalarında aparılır".

Şəlalə Babayeva

Mənbə: sonxeber.az