Türkiyədəki suriyalı qaçqın: Dünyada ən çətin şey ac uşaqlarımıza `yeməyimiz yoxdur` deməkdir

Türkiyədəki suriyalı qaçqın: Dünyada ən çətin şey ac uşaqlarımıza `yeməyimiz yoxdur` deməkdir

Bu ailənin yaşadığı iki otaqlı mənzildə su da yoxdur.

Üç yaşlı Zeynəb acından ağlayır. Uşaq bütün günü yemək yeməyib. Düyünü üzüm yarpaqlarına bükən anası İsmahan deyir ki, ailənin axşam yeməyi olacaq. İsmahan almağa imkanları olmadığı üçün yarpaqları özlərinin yığdıqlarını deyir.

Pandemiya dövründə Türkiyədə yaşayan bir çox suriyalı qaçqın ailələri kimi onlar da kirayələrini ödəyə bilmir.

İsmahanın iki uşağı da olmaqla, səkkiz nəfər kiçik bir mənzildə yaşayır. Kirayə ayda 30 dollardır. Bu, İstanbul üçün çox ucuz olsa da, onlar iki aydır ev kirayəsini ödəyə bilmir. "Ev sahibi pul verməsək bizi qovacağını deyir. O, suriyalıları sevmir" - deyə, İsmahan bildirir.

Pandemiya səbəbindən təcrid edildikləri üçün ölkə boyu onun ailəsi kimi kasıb ailələrin vəziyyəti daha da ağırlaşıb.

Suriyalı qaçqınların əksəriyyəti təmizlik, toxuculuq, mağaza işləri və küçə satışları kimi işləri görərək, ölkənin qeyri-rəsmi sektorundan gələn gəlirlərlə dolanır. Lakin COVID-19 başlayandan bəri bu işlərin çoxu dayanıb.

Yardım təşkilatları az miqdarda yemək, pul və bəzi mallarla təmin etsə də, bu heç vaxt kifayət etmir. Pandemiya uzun zaman davam edərsə, İsmahanın ailəsi kimi bir çox ailə küçələrə atıla biləyindən qorxur.

İsmahan yollarda sürücülərə kiçik paketlərdə dəsmallar satırdı. Bu iş heç vaxt qanuni olmayıb. Polis əməkdaşları bunun indi qadağan olunduğunu deyir.

"Polis dəsmalları satmağa icazə versə də, virus səbəbindən insanlar avtomobillərinin pəncərələrini açmaq istəmir" - deyə, İsmahan bildirir.

İsmahanın evindən bir neçə kilometr aralıda yaşayan Məhəmmədin evi daha genişdir. Onun həyat yoldaşı Mərva və beş uşağı ilə yaşadığı evin kirayəsini yerli xeyriyyə təşkilatı ödəyir.

Martın əvvəlinə qədər ailə Türkiyənin başqa şəhərində yaşayırdı və Məhəmməd ailəsini rəngsazlıq işləri görmək və motosiklet təmir etməklə dolandırırdı. Lakin hökumət Yunanıstanla sərhədi açdığını elan etdikdən sonra Məhəmməd mebellərini satdı və ailəsi ilə birlikdə sərhədə üz tutdu.

On minlərlə digər ailə kimi o da Avropaya keçə biləcəyini düşünürdü.

Lakin Yunanıstan sərhədini açmadı. Təxminən iki həftə yanacaqdoldurma məntəqəsində çadır qurub yaşadıqdan sonra ailə avtobusla İstanbula gəldi. Evsiz, əşyasız qalan ailəni yardım qrupu avtovağzalda qarşıladı və onların yerləşməsinə kömək etdi.

"Lakin onlar mənə dedilər ki, kirayəmizi daha ödəməyəcəklər. İndi mən hər gecə uşaqlarımı küçələrə necə buraxmayacağımı düşünürəm", Məhəmməd deyib.

Türkiyə dünyanın başqa ölkələrindən çox, 3,5 milyondan çox suriyalı qaçqın qəbul edib. Lakin ölkədə yoxsulluq artdıqca, qaçqınlarla bağlı narazılıqlar da artır.

İstanbuldakı mənzilində Məhəmməd artan narahatlıq və maddi gərginlikdən səsəbindən depressiyaya düşdüyünü deyir. "Övladlarınız bizdən yemək istədikdə, dünyada ən çətin şey onlara "yeməyimiz yoxdur" deməkdir".

Mənbə: www.amerikaninsesi.org