Lənkəranda özünüməşğulluğun təmin olunması üçün əlilliyi olan 4 qadın avadanlıqlarla təmin edilib

Lənkəranda özünüməşğulluğun təmin olunması üçün əlilliyi olan 4 qadın avadanlıqlarla təmin edilib

Bakı, 27 may, AZƏRTAC

Əlilliyi olan şəxslərin asılılığının azaldılması, onların maddi vəziyyətlərinin yaxşılaşdırılması və özünə inamın artırılması üçün məşğulluqlarının təmin olunması əsas məsələlərdəndir. Ona görə də özünəməşğulluğun təmin olunması dövlətimizin və BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin daim diqqət mərkəzindədir və buna hərtərəfli dəstək verilir.

Əlil Təşkilatları İttifaqı Lənkəran şəhəri üzrə əlil və digər hərəkət məhdudiyyəti olan şəxslər üçün əlçatan mühitin yaradılmasına dair “Hamı üçün müyəssər xoşbəxt şəhər” layihəsi çərçivəsində şəhərdə 4 nəfər əlilliyi olan qadını öz bizneslərini qurmaq və inkişaf etdirmək üçün tikiş, şirniyyat, gözəllik salonu və kompüter xidmətləri sahəsində avadanlıqlarlarla təmin edib.

İttifaqın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu dəstək Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə - həssas Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması” layihəsi çərçivəsində göstərilib.

Mənbə: azertag.az