Koronavirusdan sonra nələrə hazır olmalıyıq? - AİDƏ SƏLİM / MÜSAHİBƏ

Koronavirusdan sonra nələrə hazır olmalıyıq? - AİDƏ SƏLİM / MÜSAHİBƏ

Koronavirus pandemiyasından sonra dünyanın yeni düzənə salınacağı və fərqli dünyanın qurulacağı barədə müxtəlif fikirlər var. Bütün bu baş verənlər yəqin ki, insanlar arasında münasibətlərə də təsirsiz ötüşməyəcək.

Siyasi məsələlər üzrə ekspertlər qeyd edirlər ki, insanlar azadlıqlarının məhdudlaşdırılmasına daha rahat şəkildə yanaşmağa başlayıblar. Hər zaman azadlığı üçün vuruşan insan bu günkü hadisələrin gətirib çıxardığı vəziyyətdən asılı olaraq, azadlıqlarının məhdudlaşdırılmasına artıq könüllü razılıq verir və qəbul edir. Eyni zamanda artıq şüurlara "sosial məsafə" anlayışı da yeridilir. Bəzi mütəxəssislər bunun məqsədli şəkildə təşkil olunduğunu deyirlər. Onların fikrincə bu sosial yox, fiziki təmas, fiziki məsafə kimi qeyd olunmalıdır.

Ümumilikdə pandemiyadan sonra insan münasibətləri necə dəyişəcək? Bu barədə Redaktor.az-ın suallarını psixoloq Aidə Səlim cavablandırıb.

- Necə düşünürsüz, insan münasibətləri necə dəyişəcək? Hansı məqamlar dəyişə bilər? İnsanlar nələrə hazır olmalıdırlar?

- İnsanlarda virus nəticəsində yaşanılan fizioloji problemlər ilə yanaşı, psixoloji narahatlıqlar da yaranır. Əlbəttə ki, pandemiyanın insan psixologiyasına təsiri olacaq. Virus səbəbi ilə insanlarda təbii olaraq “Görəsən, virusa yoluxmuşammı?”, “Virusdan necə xilas ola bilərəm?” kimi suallar obsessiya halına gələ bilər. Ancaq insan psixologiyasının individuallığını nəzərə alsaq, hər insanda psixoloji cəhətdən fərqliliklər var. Bu baxımdan virusun psixoloji təsirinin konkret bir istiqamətdə olmayacağını deyə bilərik. Sözsüz ki, cari vəziyyətdə ən yaxşı psixoloji mübarizə növlərindən biri məhz maarifləndirmədir. İlk olaraq, insanlar virus zamanı psixoloji idarəetmə mexanizmlərini formalaşdırmağa çalışmalı və keçirdikləri təşvişin normal olduğunu qəbul etməlidir. Bəli, bəşəriyyət olaraq çətin bir zamandan keçirik və yaşadığımız təşviş, narahatlıq, keçirdiyimiz stress tamamilə normaldır. Bunu qəbul etməliyik, əsas məsələ bundan sonra nə etməli olduğumuz və yaranan emosional-psixi böhranın qarşısının alınması istiqamətində hansı tədbirlərin görülməsidir. “Yaşadığımız stress həyatımıza və gündəlik yaşam tərzimizə nə dərəcədə və hansı formada təsir edir?” sualına daha çox diqqət yetirərək, ona uyğun addım atmaq lazımdır. Mümkün qədər mənfi yüklü xəbərlərdən uzaq olmaq, ÜST-ün tövsiyələrinə riayət etməklə, ekstremal şəraitdə belə soyuqqanlı şəkildə davranmağa çalışmaqla, insanlar üzərindən əlavə psixoloji gərginliyi və təzyiqi uzaqlaşdıra bilər.

- Bütün bu baş verənlər yəqin ki, insanlar arasında olan münasibətlərə də təsir göstərəcək. Məsafənin saxlanılması, insanların bir- birindən uzaqlaşması və s kimi. Bu hadisələr insanların sosial və psixoloji həyatını necə dəyişəcək?

- Ümumiyyətlə, insan həyatında baş verən heç bir hadisə onun yaşam tərzinə istər müsbət, istərsə də mənfi mənada təsirsiz ötüşmür. Bu, onun psixi sağlamlığına da aiddir. Belə ki, virusdan sonra insanlarda bəzi mövzularda artıq obsessiyalar yaranmağa başladı. Misal olaraq, təmizlik obsessiyası. Hətta deyərdim ki, əksər insanlarda pandemiya sonrası da əllərin tez-tez yuyulması, dezinfeksiya olunması vərdişi qalacaqdır. İnsan ancaq psixoloji olaraq, özünü nəyəsə inandıraraq həyatında baş verənlərə qalib gələ bilir.

Post pandemiya dövründən danışsaq, insanlarda Post Travmatik Stress Pozuntusunun (PTSP) artması halının da müşahidə oluna biləcəyini qeyd etmək olar. İnsanlar hələ uzun bir müddət psixoloji olaraq virus qorxusu və ya təhlükəsi ilə yaşaya, eyni zamanda yenidən bu cür hallarla rastlaşa biləcəklərini düşünə bilərlər. Çünki insan psixologiyası elə formalaşıb ki, qeyri-müəyyən vəziyyət ona daha çox neqativ təsir edir. İndiki məqamda isə pandemiyanın nə vaxt bitəcəyi, insanların yenidən əvvəlki həyat tərzlərinə qovuşacağı tam olaraq bəlli deyil. Bütün bunlar da insanlarda əlavə psixoloji gərginlik yaradacaq və hələ uzun müddət mümkün qədər ictimai yerlərdə fiziki məsafənin qorunub saxlanılmasına çalışılacaq.

- İnsanlar azadlıqlarının məhdudlaşdırılmasına daha rahat şəkildə yanaşmağa başlayıblar. Azadlıqlarının məhdudlaşdırılmasına artıq könüllü razılıq verir və qəbul edirlər. Bu proses sonrakı mərhələdə özünü necə göstərəcək?

- Virusdan qorunmaq məqsədilə yaşadığımız sosial izolyasiya dövründə insanlar heç də öyrəşmədiyi həyat tərzinə keçid almağa məcbur oldu və bunun nəticəsində özlərində sanki “hər şeydən uzaqlaşdırılmış” hissini duymağa başladı. Hətta bəzi məqamlarda sosial izolyasiya qeyd etdiyiniz kimi azadlıqların məhdudlaşdırılması düşüncəsini də yaratdı. Ancaq məsələyə rasional aspektdən yanaşsaq, bunun heç də belə olmadığını görmək olar. Bu dövrün keçici olduğunu nəzərə alsaq, insanlarda dediyiniz kimi, könüllü şəkildə müəyyən zaman çərçivəsində məhdudlaşdırılmağa razılığın olmasını normal qəbul etmək olar. Sadəcə diqqət etmək lazımdır ki, bu dövrdə yaşanıla biləcək istər təşviş pozuntusu, istərsə də digər psixoloji narahatlıqların vaxtında müəyyən və müdaxilə olunmasıdır. İdarə oluna bilməyən təşviş pozuntusu insanların emosional vəziyyətinə neqativ təsirini göstərəcək. Belə ki, həddindən artıq stress və təşviş pozuntusu onlarda gündəlik yuxu və qida rejiminin pozulmasına, immun sisteminin zəifləmisnə və ətrafda baş verən hadisələrə ani reaksiya vermələrinə səbəb olacaq ki, bunlar da birbaşa olaraq, insanların psixi sağlamlığına mənfi təsir göstərir.

- Artıq şüurlara "sosial məsafə" anlayışı da yeridilib. Bu ifadə insanları bir-birindən uzaqlaşdıracaqmı?

- İnsanlar arasında sosial məsafənin saxlanılması daha çox ictimai yerlərdə insanların bir-birilə məsafəli davranması və onların az ünsiyyətdə olmasıdır. Bu cür məsafə yoluxucu xəstəliklərin, virusun yayılmasının müəyyən dərəcədə qarşısının alınmasına, yaxud yayılmanın sürətinin azalmasına, minimuma endirilməsinə gətirib çıxarır. Ancaq təəssüf ki, bəzi hallarda bu cür məhdudiyyətlər psixoloji olaraq insanlarda çətinlik yaratmağa başlayır. Buna isə insanlararası məsafənin “fiziki” deyil, “sosial məsafə” adlandırılması da səbəb ola bilər. Məlumdur ki, insan fəaliyyətinin tərkib hissəsi olaraq, şəxsiyyətlərarası ünsiyyət insanların emosional vəziyyətini stabilləşdirir, ona görə də sosial məsafənin fiziki məsafə anlayışı ilə əvəzlənməsi daha məqsədəuyğundur. Ancaq unutmaq olmaz ki, fiziki məsafə sosial münasibətlərin azaldılması və yaxud sıfıra endirilməsi demək deyil. Fiziki baxımdan dostlarınızdan, sevdiklərinizdə uzaq olsanız da, sosial-emosional cəhətdən onlara yaxın ola bilər, virtual olsa belə ünsiyyət saxlaya bilərsiniz.

Mənbə: redaktor.az