Beyləqanın Dünyamalılar kəndində inşa edilən yeni məktəb binası bu il istifadəyə veriləcək

Beyləqanın Dünyamalılar kəndində inşa edilən yeni məktəb binası bu il istifadəyə veriləcək

Beyləqan, 27 may, Tahir Ağaməmmədov, AZƏRTAC

Yeni dərs ilində Beyləqan rayonunda daha bir məktəb müəllim və şagirdlərin istifadəsinə veriləcək. Bu, rayonun Dünyamalılar kəndində inşa edilən 624 şagird yerlik yeni məktəbdir.

Tikintidə iş icraçısı Kamil Bünyadov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, məktəbin inşasında son tamamlama işləri aparılır. Üçmərtəbəli məktəb binası sinif otaqları, fənn kabinetləri, kimya, biologiya və fizika laboratoriyaları, idman və akt zalları, kitabxana, oxu zalı, bufet, yeməkxana və sair otaqlardan ibarətdir.

Hazırda binada rəngləmə, təhsil ocağının həyətində isə abadlıq və yaşıllıq işləri aparılır. Tikinti işlərinin bir ay ərzində başa çatdırılması nəzərdə tutulur.

Mənbə: azertag.az