Azərbaycanda çəltik əkinində yeni üsul - VİDEOREPORTAJ

Azərbaycanda çəltik əkinində yeni üsul - VİDEOREPORTAJ

Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə “2018-2025-ci illər üçün çəltikçiliyin inkişafına dair Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramının başlıca məqsədi ərzaq təhlükəsizliyi baxımından ölkə əhalisinin ekoloji cəhətdən təmiz düyü məhsullarına olan tələbatının daha dolğun ödənilməsi, idxalın əvəzlənməsi, çəltik emalı sənayesinin inkişaf etdirilməsi və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün Azərbaycanda çəltikçilik sahəsinin inkişafını stimullaşdırmaqdan ibarətdir. Dövlət Proqramının icrası nəticəsində 2025-ci ildə ölkə üzrə çəltik əkini sahələrinin 10 min hektara, istehsalın həcminin isə 40 min tona çatdırılacağı gözlənilir.

Dövlət Proqramının icrası istiqamətində görülən əməli işlər və dövlət səviyyəsində sahibkarlara yaradılan şərait Lənkəranda da çəltikçiliyə marağı xeyli artırıb.

Bu barədə "Report"un Cənub Mərkəzinə məlumat verən aqronom Fərman Abdullayev bu il qeyri-sabit hava şəraiti fermerləri müəyyən çətinliklərlə üz-üzə qoysa da, ümumilikdə, təsərrüfatlarda çəltik əkininə hazırlıq mərhələsinin başa çatdığını bildirib:

"Lənkəranda çəltikçiliklə məşğul olan bir neçə böyük təsərrüfatlar yaradılıb. Elə bunun nəticəsidir ki, rayonda çəltik sahələri ildən-ilə genişlənir. Təsərrüfat sahələrində əkin üçün nəzərdə tutulan şitillərə zəruri aqro-texniki qulluq göstərilir, əkin texnikası sazlanıb hazır vəziyyətə gətirilib, suvarma sistemi qaydaya salınıb".

F.Abdullayev əlavə edib ki, çəltikçilik sahəsində əldə olunun yüksək nəticələr əmək kollektivlərini hədsiz ruhlandırır: "Ötən il təsərrüfatımızda 100 hektarda çəltik əkilmişdisə, cari ildə 150 hektara yaxın əkin keçirməyi planlaşdırmışıq. Çəltik şitilinin yetişdirilməsi konveyr üsulu ilə həyata keçirilir. Cari ildə yenə də ənənəvi “Haşimi” və “Apollo” düyü sortlarına üstünlük vermişik. Çünkü bu sortlar daha məhsuldardır. Bir neçə gündür ki, çəltik əkininə start verilib. Bu iş müasir texnikanın köməyi ilə həyata keçirilir. Əvvəllər əl əməyi ilə keçirilən əkin vaxt itkisinə səbəb olurdu. İndi isə Cənubi Koreyadan aldığımız texnikalar vasitəsi ilə gün ərzində 2-3 hektarda əkin aparmaq mümkündür".

Qeyd edək ki, cari mövsümdə rayon üzrə ümumilikdə 1000 hektarda çəltik əkininin keçirilməsi nəzərdə tutulub.

Mənbə: report.az