Rusiya amerikalı milyarderin Marsı bombalamaq təklifini cəfəngiyyat adlandırdı

Rusiya amerikalı milyarderin Marsı bombalamaq təklifini cəfəngiyyat adlandırdı

Məlum olduğu kimi, amerikalı milyarder İlon Mask bir neçə il qabaq Mars planetində partlayışlar törətməyi təklif etmişdi. İlon Mask "Space X" şirkətinin, həmçinin "Tesla" avtomobil şirkətinin qurucusudur. O, uzun illərdir kosmos sahəsində aparılan elmi tədqiqatlara, iri miqyaslı kosmik layihələrə külli miqdarda kapital yatırır. İlk dəfə Mars planetində partlayışlar törətməyi təklif edəndə amerikalı milyarder demişdi ki, bəşəriyyətin xoşbəxt gələcəyi və ekoloji təmiz hava naminə Marsa termonüvə bombaları atmaq, nəticədə orada istixana effekti yaratmaq ən yaxşı variantdır.

Moderator.az xəbər verir ki, amerikalı milyarderin Marsı nüvə silahı ilə bombalamaq təklifinə, nəhayət, digər bir nüvə dövlətindən - Rusiyadan cavab gəlib.

Rusiyanın "Roskosmos" dövlət şirkətinin direktoru Dmitri Roqozin deyib ki, milyarderin dedikləri ilk baxışdan sərsəmlik kimi görünsə də, əslində bu, gizli niyyətlərdən xəbər verir. "Roskosmos"un rəhbəri amerikalıların tezliklə kosmosa nüvə silahları - termonüvə bombaları daşımağa hazırlaşdıqlarını güman edir.

Dmitri Roqozin deyib: "İlon Maskın Marsı bombalamaqla guya bəşəriyyəti xilas etmək, kosmosda atmosferi yaxşılığa doğru dəyişmək barədə dedikləri cəfəngiyyatdır. Bu təklif qətiyyən humanist ideyalara sığmır. Bir də, o kimdir axı? Kim İlon Maska Mars planetini bombalamaq ixtiyarını verib? Ancaq yenə düşünürəm ki, bunlar böyük planlara, yəni kosmosa nüvə silahları daşımağa bəraət qazandırmağa hesablanmış açıqlamaya bənzəyir".

Mənbə: moderator.az